BAKI, 16 iyul. TELEQRAF
"Son günlər Rusiya mediasında, sosial şəbəkələrdə və xüsusilə Kremlə yaxınlığı ilə tanınan "Telegram" kanallarında Azərbaycana qarşı aparılan informasiya kampaniyasının yenidən intensivləşməsi təsadüfi proses kimi qiymətləndirilə bilməz. Müəyyən müddət ərzində müşahidə olunan nisbi sakitlikdən sonra eyni tezislərin müxtəlif platformalarda paralel şəkildə tirajlanması, Azərbaycana qarşı oxşar ittihamların və təhqiramiz ritorikanın istifadə olunması göstərir ki, söhbət spontan media reaksiyasından deyil, koordinasiya olunmuş informasiya təsiri əməliyyatından gedir".
Teleqraf xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.

Onun sözlərinə görə, bu kampaniya xüsusilə Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda Azərbaycan-Rusiya münasibətlərinə dair səsləndirdiyi konstruktiv mövqedən dərhal sonra başlaması ilə diqqət çəkir: "Dövlət başçısı açıq şəkildə bildirdi ki, Azərbaycan Rusiya ilə münasibətlərə önəm verir, müxtəlif səviyyələrdə siyasi dialoq bərpa olunub və ikitərəfli əlaqələrin normallaşması istiqamətində müsbət dinamika mövcuddur. Xarici işlər naziri Ceyhun Bayramovun Moskvaya planlaşdırılan səfəri də Azərbaycanın münasibətlərin gərginləşdirilməsində deyil, dialoqun davam etdirilməsində maraqlı olduğunu nümayiş etdirən mühüm siyasi addımdır.
Belə bir mərhələdə Rusiya informasiya məkanında anti-Azərbaycan kampaniyasının yenidən aktivləşdirilməsi rəsmi Moskvanın müxtəlif institutları daxilində vahid yanaşmanın mövcud olmaması və ya müəyyən dairələrin ikitərəfli münasibətlərin normallaşmasında maraqlı görünmədiyini göstərən əlamət kimi qiymətləndirilə bilər. Bir tərəfdən dövlət rəsmiləri əməkdaşlıq haqqında müsbət bəyanatlar verir, digər tərəfdən isə dövlət nəzarətində və ya dövlətə yaxın media resurslarında Azərbaycana qarşı açıq təhqirlər, nifrət ritorikası və dezinformasiya kampaniyaları davam etdirilir. Bu isə verilən siyasi mesajlarla informasiya siyasəti arasında ciddi uyğunsuzluq yaradır".
Deputat qeyd edib ki, diqqət çəkən digər məqam Rusiyada yaşayan azərbaycanlıların məqsədli şəkildə kriminal obrazda təqdim edilməsidir: "Rusiya vətəndaşı olan, həmin ölkənin iqtisadiyyatına, sahibkarlıq mühitinə və sosial həyatına töhfə verən azərbaycanlıların bütöv etnik qrup kimi “mütəşəkkil cinayətkar qruplaşma” ilə eyniləşdirilməsi fərdi cinayət məsuliyyəti prinsipinə zidd olmaqla yanaşı, etnik mənsubiyyət əsasında kollektiv ittiham formalaşdırmaq cəhdidir. Belə yanaşma hüquqi dövlət prinsiplərinə uyğun gəlmir və ksenofobiyanın, milli ayrı-seçkiliyin, etnik stereotiplərin dərinləşdirilməsinə xidmət edir.
Son illər Rusiyada müxtəlif miqrant xalqlara, xüsusilə Mərkəzi Asiya və Qafqaz mənşəli şəxslərə qarşı sərt ritorikanın güclənməsi, ayrı-ayrı siyasətçilərin və media nümayəndələrinin etnik mənsubiyyət üzərindən ittihamlar səsləndirməsi bu tendensiyanın yeni olmadığını göstərir. Azərbaycana qarşı informasiya kampaniyası da həmin ümumi siyasi və ideoloji xəttin tərkib hissəsi kimi görünür.
Dövlət maraqları baxımından prosesin mümkün motivləri də diqqətlə qiymətləndirilməlidir. Rusiya hazırda həm xarici siyasətdə, həm də daxildə ciddi çağırışlarla üz-üzədir. Ukrayna müharibəsinin uzanması, insan və maliyyə itkilərinin artması, iqtisadi sanksiyaların uzunmüddətli təsirləri, inflyasiya və iqtisadi artım tempinin zəifləməsi hakimiyyət üzərində ictimai təzyiq yaradan amillər sırasındadır. Belə şəraitdə xarici təhlükə və ya yeni “düşmən obrazı” yaratmaq cəhdləri daxili auditoriyanın diqqətini sosial-iqtisadi problemlərdən yayındırmaq üçün istifadə olunan klassik siyasi texnologiyalardan biri hesab edilir.
Bununla yanaşı, Rusiya hələ də Cənubi Qafqazda formalaşmış yeni geosiyasi reallığı tam qəbul etməkdə çətinlik çəkir. Azərbaycan artıq müstəqil xarici siyasət yürüdən, regional təşəbbüslərin müəllifi olan, enerji və nəqliyyat layihələrinin əsas iştirakçısı kimi çıxış edir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Cənubi Qafqaza köhnə geosiyasi yanaşmalar artıq effektiv deyil. Region dövlətləri öz milli maraqları əsasında qərarlar qəbul edir və hər hansı güc mərkəzinin təsir dairəsi məntiqi ilə hərəkət etmirlər.
Məhz buna görə Azərbaycana qarşı informasiya təzyiqi müəyyən dairələrin yeni regional reallığa psixoloji və siyasi adaptasiya çətinliyinin təzahürü kimi də qiymətləndirilə bilər. Lakin belə üsullar nə Azərbaycanın xarici siyasət kursuna təsir göstərə, nə də regionda formalaşmış yeni balansı dəyişə bilər".
Vasif Qafarov vurğulayıb ki, Azərbaycanın cavabı emosional deyil, prinsipial və hüquqa əsaslanan xətt üzərində qurulub: "Dövlət öz vətəndaşlarının hüquqlarını beynəlxalq hüquq çərçivəsində müdafiə edir, dezinformasiya kampaniyalarına faktlarla cavab verir, diplomatik kanalları açıq saxlayır və informasiya təhlükəsizliyi sahəsində fəaliyyətini daha da gücləndirir. Paralel olaraq xaricdə yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi istiqamətində konsulluq və diaspor institutlarının koordinasiyası daha da artırılmalı, etnik ayrı-seçkilik halları beynəlxalq platformalarda sistemli şəkildə gündəmə gətirilməlidir.
Ümumiyyətlə qeyd edilməlidir ki, Rusiya mediasında müşahidə olunan yeni anti-Azərbaycan kampaniyası iki ölkə arasında münasibətlərin normallaşmasına xidmət etmir və qarşılıqlı etimad mühitinə zərbə vurur. Azərbaycan isə dövlət maraqlarına uyğun olaraq emosional qarşıdurma deyil, milli maraqların qətiyyətlə müdafiəsi, diplomatik ardıcıllıq, informasiya təhlükəsizliyi və beynəlxalq hüquqa söykənən siyasətini davam etdirir. Müasir beynəlxalq münasibətlərdə davamlı nəticə verən yanaşma məhz qarşılıqlı hörmət, suverenliyə ehtiram və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlər sistemidir. Bu prinsiplərdən uzaqlaşmaq isə uzunmüddətli perspektivdə ilk növbədə həmin siyasəti həyata keçirən dövlətin öz maraqlarına zərbə vurur.