BAKI, 31 avqust. TELEQRAF
"Müasir beynəlxalq münasibətlər sistemində Avrasiya məkanının əhəmiyyəti yeni məzmun qazanır. Siyasi və iqtisadi güc mərkəzlərinin dəyişməsi, qlobal təchizat zəncirlərində baş verən transformasiya, alternativ nəqliyyat marşrutlarına tələbatın artması dövlətlər arasında coğrafi yaxınlıqdan daha çox strateji bağlantı anlayışını ön plana çıxarır. Bu proseslər fonunda Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığının genişlənməsi və Prezident İlham Əliyevin Bişkekdə keçirilən ŞƏT Sammitində iştirakı xüsusi siyasi və geoiqtisadi əhəmiyyət daşıyır".
Teleqraf xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Onun sözlərinə görə, Azərbaycan uzun illərdir ki, xarici siyasətində çoxtərəfli əməkdaşlığa, qarşılıqlı maraqlara və balanslaşdırılmış tərəfdaşlıq modelinə üstünlük verir: "ŞƏT ilə münasibətlər də bu yanaşmanın tərkib hissəsidir. Azərbaycan hazırda təşkilatın dialoq tərəfdaşıdır və onun müxtəlif istiqamətlər üzrə əməkdaşlıq gündəliyində iştirak edir. ŞƏT-in tərəfdaşlıq mexanizmlərinin genişlənməsi və təşkilat ətrafında formalaşan siyasi-iqtisadi dialoq Azərbaycanın Avrasiya məkanındakı mövqeyini daha da gücləndirmək üçün əlavə imkanlar yaradır. Azərbaycan üçün ŞƏT ilə əməkdaşlığın əhəmiyyətini yalnız təşkilati çərçivə ilə məhdudlaşdırmaq doğru olmazdı. Burada əsas məsələ Azərbaycanın Avrasiyanın müxtəlif coğrafiyalarını birləşdirən dövlət kimi artan roludur.
Bu mənada Prezident İlham Əliyevin Qırğızıstana səfəri və ŞƏT Sammitində iştirakı regionda son aylarda müşahidə olunan daha geniş prosesin davamı kimi qiymətləndirilə bilər. Xüsusilə iyulun sonunda Azərbaycan Prezidentinin Qırğızıstana dövlət səfəri, iki ölkə arasında Müttəfiqlik Münasibətləri haqqında Müqavilənin imzalanması və Azərbaycan-Mərkəzi Asiya formatında əməkdaşlığın yeni səviyyəyə yüksəlməsi mühüm siyasi baza formalaşdırıb. Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun kapitalının artırılması isə siyasi yaxınlaşmanın konkret iqtisadi məzmunla tamamlandığını göstərir.
Əslində, son illərin prosesləri Azərbaycanla Mərkəzi Asiya arasında münasibətlərin mahiyyətcə dəyişdiyini göstərir. Azərbaycan artıq Mərkəzi Asiya üçün yalnız Cənubi Qafqazdakı tərəfdaş deyil. O, regionu Türkiyə və Avropa ilə birləşdirən əsas nəqliyyat və kommunikasiya halqalarından birinə çevrilib".
Deputat əlavə edib ki, Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Mərkəzi Asiya ölkələri ilə siyasi dialoqun, iqtisadi əlaqələrin, nəqliyyat-kommunikasiya imkanlarının, enerji və humanitar əməkdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir: "Bu gün Çin və Mərkəzi Asiyanı Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropa ilə birləşdirən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu sadəcə alternativ logistika xətti deyil. O, tədricən Avrasiyanın yeni geoiqtisadi arxitekturasının elementinə çevrilir. Qlobal böhranlar və ənənəvi nəqliyyat yollarında yaranan risklər fonunda qısa, təhlükəsiz və siyasi baxımdan etibarlı marşrutların əhəmiyyəti artır. Bu reallıq Azərbaycanın coğrafi mövqeyini konkret siyasi və iqtisadi üstünlüyə çevirir".
Millət vəkilinin sözlərinə görə, Azərbaycan bu prosesə sadəcə öz coğrafiyasını təqdim etməklə qoşulmur: "Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının genişləndirilməsi, Bakı-Tbilisi-Qars dəmir yolu, müasir avtomobil yolları, hava limanları, Xəzər üzərindən daşımalar və digər logistika layihələri ölkənin uzun illər ərzində məqsədyönlü şəkildə qurduğu nəqliyyat strategiyasının elementləridir. Bu səbəbdən Azərbaycanın ŞƏT məkanındakı rolu həm də Şərqlə Qərb arasında körpü funksiyası ilə müəyyənləşir.
ŞƏT coğrafiyasına nəzər saldıqda burada dünyanın ən böyük iqtisadi və demoqrafik mərkəzlərindən bəzilərinin yerləşdiyini görürük. Çin, Hindistan, Rusiya, Mərkəzi Asiya dövlətləri və digər tərəfdaşlarla geniş əməkdaşlıq şəbəkəsi təşkilatı Avrasiya siyasətinin mühüm platformalarından birinə çevirir. Azərbaycan isə ŞƏT məkanı ilə Avropanın iqtisadi infrastrukturu arasında təbii əlaqələndirici mövqeyə malikdir.
Bu mənada Azərbaycanın üstünlüyü ondan ibarətdir ki, ölkəmiz müxtəlif siyasi və iqtisadi platformaları bir-birinə qarşı qoymadan paralel əməkdaşlıq edə bilir. Azərbaycan eyni zamanda Türk Dövlətləri Təşkilatında fəal iştirak edir, Mərkəzi Asiya ölkələri ilə ikitərəfli və çoxtərəfli münasibətləri genişləndirir, Çinlə strateji əməkdaşlığı inkişaf etdirir, Avropa ilə enerji və nəqliyyat tərəfdaşlığını davam etdirir".
Deputatın fikrincə, məhz bu çoxvektorlu əməkdaşlıq modeli Bakının beynəlxalq mövqeyini möhkəmləndirən əsas amillərdən biridir: "Bişkekdə keçirilən ŞƏT Sammitinin gündəliyində beynəlxalq və regional məsələlərlə yanaşı, ticarət, nəqliyyat, rəqəmsal texnologiyalar və digər əməkdaşlıq istiqamətlərinin də müzakirəsi xüsusi əhəmiyyət daşıyır: "Sammitdə çoxsaylı dövlət başçılarının iştirakı onun Avrasiyanın gələcək inkişaf modeli ilə bağlı mühüm fikir mübadiləsi platformasına çevrildiyini göstərir.
Azərbaycan üçün isə burada əsas strateji məsələ yalnız hansısa təşkilatla institusional yaxınlaşma deyil. Daha vacibi ölkənin formalaşmaqda olan yeni Avrasiya bağlantılarında öz yerini möhkəmləndirməsidir".
Sevinc Fətəliyeva qeyd edib ki, son dövrdə Mərkəzi Asiya ilə Cənubi Qafqazın vahid geoiqtisadi məkan kimi nəzərdən keçirilməsi təsadüfi deyil: "Xəzər dənizi artıq iki regionu ayıran coğrafi sərhəd deyil, əksinə, onları birləşdirən nəqliyyat, enerji və ticarət məkanı rolunu oynayır. Bu prosesdə Azərbaycan qərb istiqamətində əsas çıxış nöqtələrindən biridir. Məhz buna görə Prezident İlham Əliyevin ŞƏT Sammitində iştirakı daha geniş kontekstdə dəyərləndirilməlidir. Bu iştirak Azərbaycanın Avrasiyada artan siyasi çəkisinin, Mərkəzi Asiya ilə dərinləşən əlaqələrinin və qitənin əsas nəqliyyat-kommunikasiya layihələrində oynadığı rolun məntiqi nəticəsidir.
Bu gün dünyada strateji üstünlük təkcə təbii resurslarla və ya hərbi potensialla ölçülmür. Dövlətin etibarlı tərəfdaş olması, müxtəlif regionları birləşdirə bilməsi, nəqliyyat və enerji axınlarının təhlükəsizliyinə töhfə verməsi də təsir imkanlarının mühüm göstəricisinə çevrilib. Azərbaycan məhz belə bir model formalaşdırır.
Bakı Şərqlə Qərbi, Mərkəzi Asiya ilə Cənubi Qafqazı, Xəzər hövzəsi ilə Avropa bazarlarını birləşdirən siyasi və geoiqtisadi mərkəzlərdən biri kimi mövqeyini ardıcıl şəkildə gücləndirir. ŞƏT ilə əməkdaşlığın genişlənməsi də Azərbaycanın bu strateji xəttinin mühüm istiqamətlərindən biridir. Nəticə etibarilə, söhbət yalnız Azərbaycan-ŞƏT münasibətlərindən deyil, Avrasiyanın yeni bağlantı xəritəsində Azərbaycanın tutduğu mövqedən gedir. Bu xəritədə ölkəmizin əhəmiyyəti artıq yalnız onun yerləşdiyi coğrafiya ilə deyil, həmin coğrafiyanı siyasi etimada, iqtisadi əməkdaşlığa və real bağlantılara çevirmək imkanları ilə müəyyən edilir".