BAKI, 17 mart. TELEQRAF

"Ötən həftə qardaş Türkiyənin siyasi hakimiyyətinə müxalif “Sözcü” qəzetində yayılan məqalə-guya ABŞ planlarında Azərbaycan ərazisinin İran əleyhinə hərbi əməliyyatlar üçün istifadə oluna biləcəyi iddiası tam əsassızdır və heç bir mötəbər fakta söykənməyən dezinformasiyadır. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkəmiz ərazisini üçüncü dövlətlərə qarşı hərbi platsdarma çevirməyib və heç vaxt da verməyəcək".

Teleqraf xəbər verir ki, Milli Məclisin bugünkü iclasında deputat Zahid Oruc deyib.

O qeyd edib ki, belə spekulyativ geopolitik ssenarilərin məqsədi Azərbaycan və İran arasında münasibətləri gərginləşdirmək, Cənubi Qafqazı yenidən hərbiləşdirmək və Yaxın Şərqin bir parçasına döndərməkdir: "Halbuki ötən ilin iyulunda İsrail-İran 12 günlük savaşında da dövlətimiz diplomatik dialoq və regional sabitlik mövqeyi tutdu, savaşın coğrafiyasının genişlənməməsi üçün əhəmiyyətli addımlar atdı. Dövlətimizin prinsipial siyasətinə əlavə misallar yaxın tariximizdə ABŞ-Rusiya, NATO-Rusiya və nəhayət, Türkiyə-İsrail hərbi-siyasi rəhbərləri üçün də Bakı dialoq paytaxtı olmuşdu.

Bəli, geosiyasi seçimlər dövlətlərin taleyini həll edir. Bir vaxtlar Gürcüstan və Ukraynanın NATO-ya üzvlük qərarı onları silahlı toqquşmaların mərkəzinə, qarşıdurma meydanına çevirmişdi.

Azərbaycansa fərqli yol seçdi, hərbi-siyasi neytrallığını qoruyub saxladı, ərazisində xarici hərbi bazalara yer vermədi və forposta çevrilmədi. İlham Əliyevin bloklara qoşulmamaq siyasəti ikinci Qarabağ müharibəsinin internasional xarakter almasına imkan vermədi və Qələbəmizin əsas səbəblərindən biri oldu.

Bəli, müstəqil və balanslı siyasətin əsası 1990-cı illərdə Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. 1994-cü ildə imzalanan “Əsrin neft müqaviləsi” və Bakı-Tbilisi-Ceyhan boru kəməri Rusiya, İran, Hörmüz boğazı və digər marşrutlardan asılılığa son qoydu".

Deputat bildirib ki, indi enerji xətləri və təchizat zəncirləri uğrunda gedən müharibələrdə Ulu öndərin strateji seçimi nəinki ölkəmizi, o cümlədən, regionu xilas edir. Dünya təyyarədaşıyan gəmilər və dronları müzakirə edərkən, 1768 km-lik polad borular Avropanın enerji təhülkəsizliyini, suverenliyimizi və regional sabitliyi qoruyur.

Qlobal savaşlar təkcə silahlarla deyil, siyasi və iqtisadi risqləri onilliklər əvvəldən hesablamaqla aparılır. Dövlətlər enerji təchizatının 20 faizini təmin edən Hörmuz boğazından asılı qaldığı bir vaxtda 32 il əvvəl qəbul edilən Azərbaycanın enerji strategiyasının əhəmiyyəti daha aydın görünür.

Ölkəmizin ərazisində xarici hərbi qüvvələrin varlığına mərhələli şəkildə son qoyulub. Vaxtilə Qəbələ Radiolakasiya Stansiyasını diplomatiya ilə, Ermənistanın işğalçı qüvvələrini silahla, nəhayət, 5-ci ilini tamamlamamış Rusiya sülhməramlılarını siyasi iradə ilə çıxaran ölkəmizdə milli ordumuzdan başqa heç bir xarici baza və qüvvə yoxdur.

Qalib dövlətimizi yeni qlobal qarşıdurmalara və qonşu dövlərtlərə qarşı milli-etnik savaşlara çəkmək ideyası iflasa məhkumdur.

Bəli, 90-cı illərdə Sovet İttifaqının dağılması Qarabağdan başlandı. Bu günsə eyni regionda Azərbaycan qarşıdurma deyil, sabitlik, müharibə yox, sülh və dialoq məkanıdır".