BAKI, 13 mart. TELEQRAF

"Əvvəlki hesabatlar kimi, bu hesabat da geniş və əhatəli hazırlanıb. Özündə bir çox mühüm məlumatları ehtiva edir. Ötən il də ölkəmiz üçün bir çox mühüm uğurlarla yadda qaldı. Prezident İlham Əliyevin prinsipial və qətiyyətli siyasəti nəticəsində dövlətimiz Vətən müharibəsində qələbəsini daha da möhkəmləndirdi, xarici siyasətdə uğurlarını davam etdirdi, ölkəmizdə iqtisadi inkişaf üçün ən mühüm faktorlardan biri olan ictimai siyasi-sabitlik qorundu, sosial siyasət uğurla davam etdirildi, iqtisadi sahədə inkişaf təmin edildi".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bügünkü iclasında deputat Ceyhun Məmmədov hökumətin ötən ilki hesabatına münasibət bildirərkən deyib.

O qeyd edib ki, məlum olduğu kimi, bu gün dünyamız ciddi təlatüm və müharibələrlə üz-üzədir: “Dünyanın əksər yerlərində müharibə və qarşıdurmalar tüğyan edir. Bu gün Azərbaycan dünyada sabitlik və əmin-amanlıq adasına çevrilib. Azərbaycan özünü regionla qarşıdurma və müharibələrdən sığortalaya bilib. Məhz bu siyasətin nəticəsidir ki, dünya dövlətlərinin liderləri Azərbaycanla əməkdaşlığa böyük maraq göstərirlər. Ayrı-ayrı ölkələrin dövlət başçılarının ölkəmizə səfərləri, ölkəmizin bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməsi bu fikri bir daha təsdiq edir.
Bu gün eyni zamanda, hamımızın uzun illərdir həsrətlə azad olunmasını gözlədiyimiz Qarabağ yenidən qurulur, dirçəlir, artıq işğaldan azad olunmuş ərazilərdə əhalinin qayıdışı sürətlə davam edir.

Bu gün əksər azad olunmuş ərazilərdə məskunlaşma uğurla həyata keçirilir. Artıq təmsil etdiyim Cəbrayıl rayonunun Horovlu və Şükürbəyli kəndlərinin bərpası uğurla həyata keçirilib. Horovlu kəndində artıq həyat öz axarına tam qayıdıb. Cəbrayıl və Qubadlının digər kəndlərində böyük quruculuq və abadlıq işləri uğurla davam etdirilir.

Deputat bildirib ki, eyni zamanda bütün bu işlərin Azərbaycan dövləti tərəfindən öz gücü hesabına həyata keçirilməsi ayrıca qürur mənbəyidir: “Heç şübhəsiz ki, bu gün məcburi köçkünlərin öz doğma yurdlarına dönməsi, həyatın həmin ərazilərdə öz axarına qayıtması Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yaratdığı yeni reallığın parlaq təzahürüdür.

Onu da qeyd etmək lazımdır ki, ötən il bir çox sahələrdə olduğu kimi, təhsil sahəsində də mühüm layihələr həyata keçirilib. Ötən il təhsilə ayrılan vəsait daha da artırılıb, ali təhsil müəssisələrinin maddi-texniki bazası daha da gücləndirilib, yeni yaradılan ali təhsil müəssisələrinə qəbul planı daha da artırılıb. Bu gün Qarabağ Universitetinin fəaliyyətini uğurla davam etdirməsi çox sevindiricidir. Bütün bunlar öz növbəsində dövlətimizin bu sahəyə yüksək diqqət və qayğısını göstərir. Eyni zamanda, qarşıda duran mühüm məsələlərdən biri də hesabatda da əksini tapdığı kimi bölgələrdə yeni universitetlərin yaradılması və bölgə universitetlərini qəbul planının artırılmasıdır. Bu öz növbəsində şəhərdə tıxacın azaldılmasına müsbət təsir göstərə bilər. Eyni zamanda, çıxışımın sonunda ailə institutuna yönələn təhdidləri nəzərə alaraq milli-mənəvi dəyərlərin qorunması, ailə institutunun gücləndirilməsi ilə bağlı ayrıca dövlət proqramlarının hazırlanmasını təklif edirəm".