BAKI, 13 mart. TELEQRAF
“Hökumətin 2025-ci ildəki fəaliyyətinin uğurlu istiqamətlərindən biri də ölkəmizin süni intellekt və informasiya texnologiyaları sahəsində regional mərkəzə çevrilməsi üçün həyata keçirdiyi siyasətdir”.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputat Azay Quliyev Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatının müzakirəsi zamanı deyib.
O bildirib ki, hesabat ilində əhalinin sosial rifahının yüksəldilməsi, təhsil və səhiyyənin inkişaf etdirilməsi hökumətin ən çox diqqət yetirdiyi sahələrdən biri olmuş, pensiyaların, sosial müavinətlərin və əməkhaqqılarının artırılması, sosial dəstəyə ehtiyacı olan insanlara, xüsusilə şəhid ailələrinə və müharibə əlillərinə dövlət qayğısının daha da gücləndirilməsi məqsədilə zəruri tədbirlər görülüb: “Əvvəllər də qaldırdığım bir məsələ, 6-cı mikrorayonda yerləşən və uzun müddətdir istismara yararsız vəziyyətdə olan 27 saylı poliklinikanın binasının sökülərək yerində yeni Ailə Sağlamlıq Mərkəzinin tikilməsi ilə bağlı yaranmış vəziyyət haqqında məlumat vermək istərdim. Keçən il Sağlamlıq Mərkəzinin tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanmasına maliyyə vəsaiti ayrılmış, elektron tender keçirilmiş və qalib təşkilat müəyyən edilmişdir. Lakin buna baxmayaraq, poliklinikanın torpaq sahəsinin bir hissəsinin müəssisənin balansından çıxarılması səbəbindən layihə-smeta sənədlərinin hazırlanması prosesini tam başa çatdırmaq və müvafiq standartlara uyğun tikinti işlərinə başlamaq mümkün olmamışdır. Ona görə də hörmətli cənab Baş nazir, Sizdən xahiş edirəm ki, bu məsələnin həllinə və Ailə Sağlamlıq Mərkəzinin tikintisi ilə bağlı işlərin tamamlanmasına köməklik edəsiniz”, - deputat vurğulayıb.