BAKI, 13 mart. TELEQRAF

"Hökumət tərəfindən hazırlanmış və bizə təqdim edilmiş çox geniş, dərin təhlilə və iqtisadi reallıqlara əsaslanan, dolğun hesabat və
Baş nazirin məruzəsi bir daha göstərir ki, 2025- ci il ictimai- siyasi baxımdan əlamətdar, sosial-iqtisadi cəhətdən uğurlu il olub".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev hökumətin ötən ilki hesabatına münasibət bildirərkən deyib.

O qeyd edib ki, 2025- ci ildə iqtisadiyyatımız daha da böyüyüb, iqtisadi müstəqilliyimiz möhkəmlənib, əhalinin sosial rifahı daha da yüksəlib: "Hesabat ilində ÜDM artım tempini saxlayıb, valyuta ehtiyatımız 18% artaraq 85 milyard dollara çatıb, adam başına düşən gəlir 8,8 min ABŞ dolları təşkil edib, xarici valyuta borcumuz minimal həddə- ÜDM- in 6,3% - i həcmində olub.

Hesabat ilini əhalinin sosial müdafiəsi baxımından da əlamətdar dövr kimi qiymətləndirmək lazımdır. Məhz 2025-ci ildə Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına uyğun olaraq 5-ci dərin islahatlar zərfi qəbul edilib, minimum pensiya 14,3% artaraq 320 manata,
minimum əmək haqqı 16% artaraq 400 manata çatdırılıb, bütün vətəndaşların maaşlarında və pensiyalarında artım qeydə alınıb, 3 milyondan çox vətəndaşımızın sosial rifah halının yüksəlməsi təmin edilib.

Ümumiyyətlə, 2019-cu ildən başlayaraq ölkəmizdə Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq 5 dərin sosial islahatlar zərfi qəbul edilib. Bu paketlərin illik maliyyə dəyəri 8.5 milyard manat təşkil edir və 4 milyon vətəndaşın sosial təminatının yaxşılaşmasına xidmət edir”.

Komitə sədri bildirib ki, hesabat ilində orta aylıq əmək haqqı 9,3% artaraq 1103 manata çatıb, orta aylıq pensiya 540 manat, yaşa görə əmək pensiyası isə 576 manat təşkil edib. 2025-ci ildə inflyasiya 5,6% olub.

Onu da vurğulamaq lazımdır ki, ötən ildə maaşların və pensiyaların artım tempi inflyasiya göstəricisini üstələyib.

Hesabat ilində 189 min nəfər münasib işlə təmin olunub, 18 min nəfər peşə hazırlığı kurslarına, 16.8 min nəfər isə özünəməşğulluq proqramına cəlb edilib, 11 min nəfər işsiz şəxsə işsizlikdən sığorta müavinəti verilib.

Xüsusi olaraq qeyd etmək istəyirəm ki, son illərin ən uğurlu sosial layihələrindən biri olan özünüməşğulluq proqramı ilə əhatə olunan şəxslərin sayı 2017- 2026 ci illər üzrə 110 min nəfərdən çox olacaqdır.

Ötən ildə pensiya təminatı, müavinət və təqaüdlərin ödənişi, ünvanlı dövlət sosial yardımının verilməsi, əlilliyin ekspertizası və reabilitasiya, övladlığa götürmə və sosial xidmət sahəsində görülən işlərin miqyası və keyfiyyəytinin yüksəlməsi də qeyd edilməlidir.

Postmüharibə dövründə şəhid ailələrinə, qazilərə, veteranlara və digər zərər çəkmiş şəxslərə göstərilən dövlət qayğısı ötən il də davam edib.
Sosial xidmətlərin elektronlaşdırılmasıļ sahəsində 2025-ci ildəki uğurlu fəaliyyəti qeyd edərək bildirmək istəyirəm ki, hesabat dövründə vətəndaşlara 150 istiqamətdə göstərilən sosial xidmətlərin 90%- dən çoxu artıq elektronlaşıb, 52 xidmət isə proaktiv qaydada həyata keçirilir”.

Musa Quliyev vurğulayıb ki, Böyük Qayıdışın təmin olunması və daha geniş miqyasda davam etdirilməsi məqsədi ilə Birinci Dövlət Proqramı başlayandan dövlət büdcəsindən 25 milyard manatdan çox vəsait ayrılıb. Hazırda 70 mindən artıq soydaşımız Qarabağ və Şərqi Zəngəzurun 40- a yaxın şəhər, qəsəbə və kəndində məskunlaşıb orada yaşayır və işləyir: “Mən hökumətimizin 2025-ci ildəki fəaliyyətini qənaətbəxş hesab edir, hökumətimizə bu mürəkkəb və məsuliyyətli dövrdə uğurlar arzulayır, inanıram ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə biz qısa müddət ərzində qarşıya qoyulan bütün məsələlərin həllinə nail olacağıq”.