BAKI, 13 mart. TELEQRAF
"Son illərdə dünya iqtisadiyyatında müşahidə olunan qeyri-sabitlik, enerji bazarlarında dəyişkənlik və regional gərginliklər bir çox ölkələrdə iqtisadi riskləri artırıb. Bu çətin şəraitdə Azərbaycan iqtisadiyyatı makroiqtisadi sabitliyi qorumaq, dövlət büdcəsinin dayanıqlığını təmin etmək və sosial proqramları icra etmək baxımından müsbət nəticələr göstərib. Təbii ki, iqtisadiyyatın davamlı inkişafının qorunması və planlaşdırılmış bütün proqramların icrası ölkədə aparılan iqtisadi siyasətin uğurudur".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Azər Badamov hökumətin ötən ilki hesabatına münasibət bildirərkən deyib.
O bildirib ki, ötən il Qusar rayonunda çoxdan həlli gözlənilən elektrik şəbəkəsinin yenidən qurulması, qaz tikintisi, yol infrastrukturunun yaxşılaşdırılması və təhsil müəssisələrinin modernləşdirilməsi üzrə əhəmiyyətli layihələr icra olunub və bu işlər davam etdirilir: "İclasımızda hörmətli hökumət üzvlərinin olduğunu nəzərə alaraq vacib bir neçə məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Birinci məsələ Qusar şəhərində yerləşən Bənövşə gölü su anbarı ilə bağlıdır. Qaldırdığımız bu məsələyə müsbət yanaşıldı və bu gün anbarın yenidən qurulması və bərpası işləri sürətlə aparılır. Amma Su anbarı doldurulandan sonra Qusar şəhəri ətrafındakı 7 kəndin 11 min sakininin su təminatı həyata keçirilməlidir. Layihəni vaxtında başa çatdırıb sakinləri su ilə təmin etmək üçün Su anbarından həmin kəndlərə xətlərinin çəkilməsini də plana salınması vacibdir.
Digər bir məsələ Qusar şəhər stadionunun yenidən qurulması ilə bağlıdır. Stadionla bağlı məsələnin həll olunması üçün çoxlu müraciətlər etmişdik və hökumətin iclaslarında diqətinizə çatdırmışdıq. Nəhayət, stadion özəlləşdirlmiş hüquqi şəxs tərəfindən yenidən Gənclər və İdman Nazirliyinin balansına qaytarıldı. Məlumat üçün bildirm ki, stadionun yenidən qurulması və bərpası işlərin demək olar ki, əsasən beton-karkas işləri başa çatıb. Hörmətli Gənclər və İdman naziri də yerindəcə baxış keçirərək vəziyyətlə tanış olub. Amma müəyyən səbəblər üzündən tikintinin davam etdirlib başa çatdırlması üçün işlərə başlanılması gecikir. Qusar rayonun futbvolsevərlər və sakinləri stadionun yenidən qurulub bərpasını gözləyirlər və hər dəfə qəbullar və görüşlərimiz zamanı bu məsələni qaldırırlar. Hörmətli cənab Baş nazirdən Qusarla bağlı bu iki məsələnin həll olunmasına kömək göstərilməsini xahiş edirəm”.
Deputat tibb sahəsi üzrə çoxsaylı müraciətlər olunan bir məsələni diqqətə çatdırıb: "Müəyyən səbəblərə görə qonşu ölkələrdən pənah gətirmiş və ölkəmizdə işləmək arzusunda olan yüzlərlə həkim işlə təmin olunmaqda problem yaşayır. Çünki ixtisas diplomlarını tanıdılması üçün səhiyyə nazirliyinə təqdim ediləndə klinik ordinatura pilləsinin bizim təhsil sistemimizlə uyğun gəlmədiyini bildirilir. Amma bu gün ölkədə işləyən yaşı orta yaş həddindən yuxarı olan həkimlərin əksəriyyəti ordinatura təhsillidir və çox yaxşı mütəxəssislər kimi fəaliyyət göstərirlər. Bir tərəfdən Azərbaycanda həkim çatışmazlığı var, digər tərəfdən isə hazır gəlmiş peşəkar həkimlər işlə təmin oluna bilmirlər. Təklif edirəm ki, burada xüsusi bir humanist yanaşma edilərək həmin həkimlərin peşə ixtisasına yiyələnmə səviyyəsini imtahanla yoxlanılaraq diplomları tanınılsın. Həm də ixtisasları klinik ordinatura səviyyəsində olduğuna görə işləməyə icazə verilmədiyindən 8 il təhsil almış bir həkimə işləmək üçün yenidən 5 il oxumaq tələb olunur.
Halbuki onların iki il ordinatura təhsili var və yenidən rezidentura pilləsini oxuyanda oxuduqları həmin ordinatura pilləsinin 2 ilini heç olmasa nəzərə alınmasını vacib hesab edirəm. Çünki rezidenturada 2 illik ordinatura proqramını yenidən təkrarən oxumalı olurlar. Bu da eyni fənlərin təkrarlanması və əlavə illərin itirilməsi deməkdir”.