BAKI, 13 mart. TELEQRAF
"Qlobal iqtisadiyyatdakı volatilliyə baxmayaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində 2025-ci ildə Azərbaycan iqtisadiyyatı artım tempini qoruyub saxladı. İqtisadi inkişafda ən vacib məqamlardan biri artımın qeyri neft-qaz sektoru hesabına əldə edilməsidir. Bu o deməkdir ki, qeyri neft-qaz sektoru Azərbaycan iqtsiadiyyatının əsas drayverinə çevrilməkdədir. Belə ki, ötən il iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,6 faiz azalsa da, qeyri neft-qaz sektorunda isə 2,7 faiz artıb".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Vüqar Bayramov hökumətin ötən ilki hesabatına münasibət bildirərkən deyib.
O qeyd edib ki, sənayedə qeyri neft-qaz sektorunun artım tempi daha yüksək olub: “Ötən il sənayenin qeyri neft-qaz sektorunda isə 5,5 faiz artm qeydə alınıb. Enerji bazarlarındakı volatilliyə rəğmən, qeyri neft-qaz sektorundakı artım iqtisadi inkişafın dayanıqlığını gücləndirməkdədir. Bu cənab Prezident İlham Əliyevin rəhbərliyi aparılan dərinləşmiş islahatların nəticəsidir. İslahatlar iqtisadiyyatın şaxələndirilməsi prosesini də sürətləndirməkdədir. 2026-cı ildə qeyri neft-qaz sektoru büdcə gəlirlərinin 57, ÜDM-in isə təxminən 70 faizini formalaşdıracaq. Bu isə iqtisadi artımda qeyri neft-qaz sektorunun əsas drayverə çevrilməsindən xəbər verir.
2025-ci ildə Azərbaycanın strateji valyuta ehtiyatları 14 milyard dollar və ya 19,8% artaraq 85,1 milyard dollara çatıb. O cümlədən, Mərkəzi Bankın valyuta ehtiyatları 5,1% artaraq ilin sonunda 11,5 milyard dollar təşkil edib. Azərbaycan dünyada az saylı dövlətlərdəndir ki, valyuta ehtiyatları ÜDM-i üstələyir. Valyuta ehtiyatlarımız ÜDM-dən 12 faiz çoxdur və bu regional geo-siyasi təhdiddləri artdığı dövrdə ciddi təhlükəsilik yastığıdır.
2025-ci il eyni zamanda 3 milyondan çox vətəndaşımızı əhatə edən sosial paketin icrası ilə yadda qaldı. Cənab Prezidentin rəhbərliyi ilə realaşan sosial paketin icrasına əlavə olaraq 1.4 milyard manat vəsait ayrıldı.
Hökumət ilə qanunverici orqan arasında əməkdaşlıq platforması 2025-ci ildə də güclənib. Təmsil olunduğum iqtisadi və sosial istiqamətlər üzrə profil dövlət qurumları müraciətlərimizi çevik cavablandıraraq göndərdiyimiz soğrulara dəstək olmağa çalışırlar. Milli Məclisin sədri professor Sahibə Qafarovanın tapşırığı ilə təşkil edilən ictimai dinləmələr isə hökumət-parlament əməkdaşlıq platformasını daha da gücləndirib".
Deputat bildirib ki, 2025-ci il həmçinin keçmiş məcburi köçkünlərin öz tarixi yurdlarında intensiv məskunlaşması ilə yadda qaldı: "Milli Məclisdə təmsil etdiyim Füzuli rayonu daxil olmaqla Qarabağ və Şərqi Zəngəzur cənab Prezidentin rəhbərliyi ilə bərpa edilir və yenidən qurulur. Dövlət büdcəsindən işğaldan azad olunan ərazilərimizin bərpasına 22 milyard manatdan çox vəsait ayrılıb və bu il bu istiqamətə ən azı 3.5 milyard manat yönəldiləcək.
Bizə daxil olan müraciətlərə uyğun olaraq bir sıra məsələləri təqdim etmək istərdim. Paytaxtda dövlət ehtiyacları üçün daşınmaz əmlaka kompensasiyaların ödənilməsində diferensial yanaşmanın tətbiqi məqsədəuyğun olardı. Belə ki, bəzi həyət evlərinin sahələri kifayət qədər kiçikdir və həmin mənzillərə kompensasiyanın kvadrat metrə uyğun hesablanması, yoxsa ümumi evə görə konrket rəqəmin ödənilməsi vacib məqamlardandır. Məsələn, bəzi evlərin sahələri 30 və hətta bir sıra hallarda 20 kvadrat metrdən azdır. Aydındır ki, sabit ödənişlər olan zaman az sahəsi olan mənzillərə ödənilən kompensasiya məbləği də müqayisəli şəkildə aşağı olur. O baxımdan, daha məqsədəuyğun olardı ki, söküntülər zamanı Bakıda da diferensial kompensasiya məbləğləri tətbiq olunsun. Bu halda sahəsi nisbətən kiçik olan evlər üçün kompensasiya kvadrat metrə uyğun deyil, həmin mənzil sahibinə ev almaq üçün yetərli məbləğdə ödənilə bilər. Bu isə nisbətən az sahəli ev sahiblərinin mənzil probleminin həllinə dəstək olardı.
Bu ilin yanvar ayında Füzuli rayonunda keçirilən illik hesabat yığıncağında sakinlər tərəfindən qeyd olunan məsələlərdən biri də Qayıdış qəsəbələrin içməli su təminatı ilə bağlı idi. On mindən çox sakini olan Qayıdış qəsəbələrinin içməli su təminatı ilə bağlı artıq işlərə başlanılıb. Cənab baş nazir, sakinlərin müraciətini nəzərə alaraq, Sizdən bu prosesin sürətlənməsinə dəstək olmağınızı xahiş edirəm”.