BAKI, 13 mart. TELEQRAF

2025-ci ildə əhalinin nominal gəlirləri və orta aylıq əməkhaqqı artımı illik inflyasiya səviyyəsini üstələyib.

Teleqraf xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə çıxışında deyib.

O bildirib ki, 2025-ci ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi və sosial rifah halının yaxşılaşdırılması üçün sosial siyasət tədbirləri davam etdirilib. Əhalinin real gəlirlərinin yüksəldilməsi məqsədilə sosial ödənişlərin artırılması ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunub:
“2025-ci il dövlət büdcəsi xərclərinin 39,5%-i və ya 15,3 mlrd. manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilmişdir (2024-cü illə müqayisədə 601,5 mln. manat və ya 4,1% çoxdur).

Son yeddi il ərzində 4 milyon insanı əhatə edən 5 sosial islahat paketi icra edilmişdir ki, bu məqsədlərə təqribən 8 mlrd. manat məbləğində vəsait sərf edilib.
Təkcə keçən il 1,4 milyard manat büdcə vəsaiti bu məqsədlər üçün xərclənib. Maaşlar, pensiyalar, müavinətlər müntəzəm olaraq artırılır, pensiyalar indeksləşdirilir”.