BAKI, 13 mart. TELEQRAF
Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclasının gündəliyinə Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı daxil edilib.
Teleqraf xəbər verir ki, iclasda hökumət üzvləri nazirlər və komitə sədrləri iştirak edir.
Baş nazir Əli Əsədov parlamentdə çıxış edərək bildirib ki, ənənəvi olaraq bu gün Nazirlər Kabineti 2025-ci ildəki fəaliyyətinə dair geniş hesabatla Milli Məclis qarşısında çıxış edir: "Bu cür hesabatlılıq Hökumətlə Milli Məclis arasında səmərəli və işgüzar əməkdaşlığın möhkəmlənməsinə, görülmüş işlərin və qarşıda duran vəzifələrin birgə müzakirəsinə əlverişli şərait yaradır.
Eyni zamanda, bu proses şəffaflığın və qarşılıqlı məsuliyyət prinsipinin daha da güclənməsinə xidmət edir".
Baş nazir qeyd edib ki, 2025-ci il Azərbaycan üçün siyasi sabitliyin daha da gücləndiyi və iqtisadi inkişafın ardıcıl şəkildə həyata keçirildiyi mühüm mərhələ kimi yadda qaldı: “Konstitusiya və Suverenlik İli” elan edilən 2025-ci il dövlət suverenliyinin möhkəmləndirilməsi, bərpa olunan ərazilərin reinteqrasiyası və milli iqtisadiyyatın yeni inkişaf mərhələsinə keçidi baxımından mühüm siyasi mərhələ kimi qiymətləndirilə bilər.
İl ərzində ölkəmiz qlobal və regional platformalarda təşəbbüskar mövqeyini daha da möhkəmləndirmiş, sülh və əməkdaşlıq gündəliyinin təşviqi istiqamətində fəal səy göstərib.
Bu baxımdan 2025-ci il 8 avqust tarixində Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin iştirakı ilə Vaşinqtonda baş tutmuş Zirvə görüşü, bölgəmizdə yeni geosiyasi reallıqların formalaşmasına, regionda dayanıqlı sülh və inkişaf üçün əlverişli şəraitin yaranmasına imkan verib.
Vaşinqton Sülh Sammitinin ən mühüm nəticələrindən biri də “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” (TRIPP) – Zəngəzur dəhlizinin əsasının qoyulması olub.
Bu multimodal marşrut Azərbaycanın əsas hissəsi və Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin edəcək və eyni zamanda, ölkəmiz üzərindən keçən beynəlxalq nəqliyyat və tranzit marşrutlarının şaxələndirilməsinə xidmət edəcəkdir".
Əli Əsədov deyib ki, 2025-ci ildə əldə edilmiş mühüm diplomatik uğurlar sırasında Azərbaycanın Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməsi xüsusi əhəmiyyət kəsb edir: "Azərbaycanın bu quruma tamhüquqlu üzv kimi qəbul edilməsi ölkəmizin regionda etibarlı tərəfdaş və sabitlik amili kimi rolunun beynəlxalq səviyyədə tanındığını göstərir.
Hesabat ilində Azərbaycan ümumi əhalisi bir milyarddan artıq, ümumi iqtisadi potensialı isə dörd trilyon ABŞ dollarından çox olan D-8 təşkilatına üzv qəbul olunmuşdur. Eyni zamanda, ötən il ölkəmizdə bir sıra mühüm beynəlxalq tədbirlər keçirilib.
Bu tədbirlər sırasında təbii ki, Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Zirvə Görüşünü və Qəbələdə təşkil olunan Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünü xüsusilə qeyd etmək olar. Ölkəmiz cari ildə də bir sıra mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edəcəkdir.
Onların sırasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası xüsusi əhəmiyyət kəsb edir. Əminəm ki, bu mötəbər tədbir müasir şəhərsalma yanaşmaları və beynəlxalq təcrübə mübadiləsi baxımından qlobal əhəmiyyətə malik platformaya çevriləcək.
Сənab Prezidentin 2025-ci il 22 dekabr tarixli Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin ardıcıl xarakter daşıdığını əyani şəkildə göstərir".