BAKI, 11 mart. TELEQRAF
"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əsas hədəfi yaxın gələcəkdə bütün xidmətlərin vahid "e-AQTA" platforması üzərindən həyata keçirilməsini təmin etməkdir".
Teleqraf xəbər verir ki, bunu AQTA-nın sədr müavini Zəkiyyə Mustafayeva Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən "Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər" mövzusunda ictimai dinləmədə deyib.
O qeyd edib ki, son illər bu istiqamətdə həm yerli dövlət qurumları, həm də beynəlxalq təşkilatlarla inteqrasiya imkanları əhəmiyyətli dərəcədə genişləndirilib: "Hazırda Azərbaycan dünyanın 138 ölkəsinin qoşulduğu IPPC sistemi vasitəsilə elektron fitosanitar sertifikat mübadiləsini uğurla reallaşdırır. Eyni zamanda, ölkəmizdən ixrac prosesini asanlaşdırmaq məqsədilə Avropa İttifaqının TRACES elektron platforması üzərindən artıq 13 müvafiq icazə sənədi alınıb".
Sədr müavini bildirib ki, AQTA-nın rəqəmsal strategiyasında süni intellektin tətbiqi xüsusi yer tutur: "Agentlik rəqəmsal transformasiyanı yalnız texniki yenilənmənin tətbiqi deyil, həm də qərarvermə proseslərinin məlumat əsaslı modelə keçidi kimi qiymətləndirir. Bu çərçivədə idxal nəzarəti, planlı yoxlamalar və "ağıllı hesabatlılıq" kimi istiqamətlərdə süni intellektin imkanlarından yararlanmaq üçün planlaşdırma mərhələsinə başlanılıb. Hazırlanmış yol xəritəsi proqnozlaşdırıcı nəzarət mexanizmlərinin formalaşdırılmasına və potensial risklərin əvvəlcədən müəyyən edilməsinə xidmət edəcək".