BAKI, 11 mart. TELEQRAF

"Kənd Təsərrüfatı Nazirliyi super-kompüter mərkəzinin aktiv istifadəçilərindən birinə çevrilib".

Teleqraf xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Səməddin Əsədov Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən "Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər" mövzusunda ictimai dinləmədə bildirib.

Nazir müavini bildirib ki, Azərbaycan qlobal tendensiyalara uyğun olaraq süni intellektin inkişafını, bu sahədə insan kapitalının gücləndirilməsini strateji hədəf seçib, ölkədə "2025–2028-ci illər üçün süni intellekt Strategiyası" qəbul olunub: "Bu sənədin dörd əsas prioriteti süni intellektin idarə edilməsi və tənzimlənməsi, məlumat bazaları və infrastrukturun təkmilləşdirilməsi, istedad bazarının və insan kapitalının inkişafı, dövlət idarəçiliyində əlverişli mühitin yaradılmasıdır. Süni intellektin tənzimlənməsində həm Avropa, həm də ABŞ modellərinin sintezinə əsaslanan balanslı yanaşma tətbiq olunacaq. Artıq sahə üzrə 8 standart hazırlanıb ki, onlardan 4-ü artıq qəbul edilib. Bu standartlar etik prinsiplərə riayət edilməsi, şəffaflığın qorunması və müasir alqoritmlərdən təhlükəsiz istifadəni ehtiva edir".