BAKI, 11 mart. TELEQRAF
"Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyi sifarişçi kimi çıxış edir. Çünki nazirliyinin özünün texnoloji imkanları o qədər deyil ki, orada mühəndislər, proqramçılar işləsinlər, yeni tətbiqlər ortaya qoysunlar".
Teleqraf xəbər verir ki, bunu bu gün Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə parlamentin Aqrar siyasət komitəsində keçirilən “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmədə deyib.
O qeyd edib ki, bu tətbiqləri, proqramları, süni intellektdən istifadə edən texnologiyaları özəl sektor ortaya qoymalıdır, müəyyən şirkətlər ortaya çıxarmalıdır: “Bizdə proqramçılar qrupları yaranmalıdır. Yəni bu sahədə bizdə hələ bir az boşluq var. Azərbaycanda bu sahə bir qədər zəif inkişaf edib. Düzdür, bizim gənc IT mütəxəssislərimiz var, amma hansısa dünya ölkəsi ilə rəqabət apara biləcək tətbiqin ortaya qoyulduğunu mən hələ görməmişəm. Startaplar olsun və ya digər layihələr olsun – bu sahəyə biz diqqət etməliyik. Çalışmalıyıq ki, Azərbaycanda yerli məhsullar inkişaf etsin, yerli tətbiqlər, yerli süni intellektlə bağlı proqramlar yaradılsın”.