BAKI, 11 mart. TELEQRAF
"Son dövrlər dünyada süni intellekt texnologiyalarının sürətli inkişafı dövlətlərin iqtisadi və texnoloji strategiyalarında yeni prioritetlər formalaşdırır. Azərbaycan da bu prosesdə aktiv mövqe tutur".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisdə “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmə zamanı Kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
O qeyd edib ki, Prezident İlham Əliyev öz çıxışlarında da qeyd etdiyi kimi, Azərbaycanın strateji hədəflərindən biri ölkəmizi regionda süni zəka və informasiya texnologiyaları üzrə mühüm mərkəzə çevirməkdir: "Məlumat mərkəzlərinin yaradılması, kibertəhlükəsizlik infrastrukturunun inkişafı və mütəxəssislərin hazırlanması istiqamətində artıq konkret layihələr həyata keçirilir. Azərbaycanın güclü siyasi iradəsi və beynəlxalq tərəfdaşlıq imkanları bu məqsədə nail olmaq üçün ciddi potensial yaradır.
Bu strateji yanaşma kənd təsərrüfatı sahəsində də yeni imkanlar açır. Çünki aqrar sektor təbiət, iqlim və böyük həcmli məlumatlarla işləyən sahələrdən biridir və süni intellekt texnologiyalarının tətbiqi burada xüsusilə böyük əhəmiyyət daşıyır. Məhz bu səbəbdən Kənd Təsərrüfatı Nazirliyi aqrar sahədə genişmiqyaslı rəqəmsal transformasiyanın artıq, deyərdim ki, ikinci mərhələsini həyata keçirir.
2020-ci ildən etibarən qurulan Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi fermerlərin dövlət xidmətlərinə çıxışını əhəmiyyətli dərəcədə asanlaşdırmaqla yanaşı, dövlət tərəfindən göstərilən dəstək mexanizmlərinin şəffaflığını, operativliyini və səmərəliliyini də ciddi şəkildə artırıb. Bu transformasiyanın yeni mərhələsi isə Aqrar Süni İntellekt layihəsidir”.