BAKI, 5 mart. TELEQRAF

"Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər arasında qarşılıqlı etimadın, suverenliyə hörmətin və mehriban qonşuluq münasibətlərinin qorunması regional sabitliyin və təhlükəsizliyin əsas şərtlərindən hesab olunur. Xüsusilə mürəkkəb geosiyasi proseslərin yaşandığı bir dövrdə dövlətlərin bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşması, sərhədlərin toxunulmazlığını təmin etməsi və qarşılıqlı etimada əsaslanan münasibətlər qurması beynəlxalq hüququn fundamental prinsiplərindən biridir".

Teleqraf xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, Azərbaycan müstəqilliyini bərpa etdiyi gündən etibarən xarici siyasətində daim sülh, əməkdaşlıq və mehriban qonşuluq prinsiplərini rəhbər tutub: "Ölkəmiz regionda sabitliyin və təhlükəsizliyin qorunmasına töhfə verən, qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq əsasında münasibətlərin inkişafını təşviq edən siyasət həyata keçirir. Azərbaycan heç vaxt öz ərazisindən hər hansı dövlətə qarşı təhdid mənbəyi kimi istifadə edilməsinə imkan verməmiş, əksinə regionda qarşıdurmaların deyil, əməkdaşlıq və dialoqun tərəfdarı kimi çıxış etmişdir.

Bu baxımdan İran ərazisindən Naxçıvana dron hücumları ilə bağlı baş verən hadisə ciddi narahatlıq doğurur. Bu gün günorta saatlarında İran ərazisindən Naxçıvan istiqamətində həyata keçirilmiş dron hücumları nəticəsində bir pilotsuz uçuş aparatı Naxçıvan Muxtar Respublikasının hava limanının terminal binasına, digər dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hadisə nəticəsində hava limanının binasına ziyan dəymiş, iki nəfər mülki şəxs xəsarət alıb".

Deputat deyib ki, Azərbaycan tərəfi mülki infrastruktura və dinc əhaliyə təhlükə yaradan bu hücumu qətiyyətlə pisləyir: "Azərbaycan ərazisinə qarşı həyata keçirilmiş bu addım beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipinə zidd olmaqla yanaşı, regionda gərginliyin artmasına xidmət edən ciddi təhlükəli presedentdir.

Rəsmi Bakı İran tərəfinin qısa müddət ərzində baş vermiş hadisəyə aydınlıq gətirməsini, bununla bağlı rəsmi izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri və təxirəsalınmaz tədbirlər görməsini tələb edir. Eyni zamanda, Azərbaycan tərəfi beynəlxalq hüquqa uyğun olaraq müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxladığını da bəyan edib.

Hadisə ilə əlaqədar İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə çağırılmış, İran tərəfinə kəskin etiraz bildirilmiş və rəsmi etiraz notasının təqdim ediləcəyi qeyd olunmuşdur. Bu addım Azərbaycanın suverenliyinə və ərazi təhlükəsizliyinə qarşı yönəlmiş istənilən hərəkətin qətiyyətlə rədd edildiyini bir daha nümayiş etdirir".

Siyavuş Novruzov bildirib ki, Azərbaycan hər zaman İran ilə qarşılıqlı hörmətə və mehriban qonşuluq münasibətlərinə əsaslanan əlaqələrin inkişafına önəm verib: "Tarixi, mədəni və dini bağlarla bağlı olan iki xalq arasında münasibətlərin qarşılıqlı etimad və sabitlik müstəvisində inkişaf etməsi regionun ümumi maraqlarına xidmət edir. Bu baxımdan baş vermiş hadisənin tezliklə obyektiv şəkildə araşdırılması və bu kimi insidentlərin təkrarlanmaması üçün lazımi addımların atılması xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycanın mövqeyi aydındır və prinsipialdır: ölkəmizin ərazisi heç bir halda başqa dövlətlərə qarşı fəaliyyət üçün istifadə edilə bilməz və istifadə olunmur. Azərbaycan dövləti bütün qonşularına qarşı hörmət və mehriban münasibət nümayiş etdirir, regionda gərginliyin artmasına səbəb ola biləcək addımlardan uzaq durur və bu prinsiplərə sadiqliyini daim nümayiş etdirir.

Bir daha vurğulanmalıdır ki, Azərbaycan Respublikası bütün qonşu dövlətlərlə münasibətlərində beynəlxalq hüququn norma və prinsiplərinə, suverenliyə hörmətə və mehriban qonşuluq siyasətinə sadiqdir. Azərbaycanın ərazisindən İran və ümumiyyətlə heç bir ölkə üçün heç vaxt təhlükə olmayıb və yoxdur. Bu prinsip ölkəmizin xarici siyasət kursunun əsasını təşkil edir və bundan sonra da dəyişməz olaraq qalacaqdır".