BAKI, 5 mart. TELEQRAF

"Naxçıvanın dronla vurulması ciddi narahatlıq doğurur və bu cür addımları qəti şəkildə pisləyirik və qınayırıq. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana qarşı istənilən hücum bölgədə sabitliyi pozan çox təhlükəli təxribatdır".

Teleqraf xəbər verir ki, bu sözləri İranın ölkəmizə qarşı hərbi təxribatına münasibət bildirərkən Milli Məclisin deputatı Vasif Qafarov deyib.

O qeyd edib ki, Azərbaycan humanist mövqedən çıxış edərək İranın yaşadığı faciəvi hadisələrlə bağlı başsağlığı verib, insani yanaşma göstərib: “Belə bir münasibətdən sonra bu cür hərəkətlər nankorluqdur və qəbulolunmazdır. Regionda gərginliyin artırılması heç kimin xeyrinə deyil. Bu kimi addımlar yalnız regionda qarşıdurmanı daha da dərinləşdirir və sabitliyə ciddi zərbə vurur. Naxçıvana qarşı edilən bu hücumu qəti şəkildə pisləyir, təhlükəsizlik məsələlərinin hər zaman prioritet olduğunu bir daha vurğulayır və cavab tədbirləri görmək hüququmuzu bəyan edirik. İran tərəfindən məsələyə aydınlıq gətirilməsini gözləyirik”.

Deputat hesab edir ki, İran Silahlı Qüvvələri tərəfindən Naxçıvan ərazisinə dron zərbəsinin endirilməsi molla rejiminin nankorluğu, riyakarlığının göstəricisidir: “Azərbaycan daim qonşuluq prinsipinə sadiq qalıb. Eyni zamanda dövlətimizin ərazisindən İran və ümumiyyətlə heç bir ölkə üçün heç vaxt təhlükə olmayıb və yoxdur. Azərbaycan Prezidenti İranın Ali Liderinin ölümü ilə bağlı dərhal başsağlığı verib, səfirliyi ziyarət edib, Azərbaycan İrana humanitar yardım göndərməyi də planlaşdırırdı. Amma İran özünün xislətini gizlədə bilmədi. Molla rejimindən fərqli olaraq Azərbaycan heç vaxt riyakar siyasət yürütməyib, dar gündə həmişə qonşularına dəstək olub. Ona görə də belə bir şəraitdə İran tərəfinin Naxçıvan ərazisində mülki obyekti, mülki vətəndaşların istifadə etdiyi hava limanını hədəf götürməsi molla rejiminin nankorluğu ilə yanaşı, həm də dinc sakinlərə və mülki infrastruktura qarşı terror kimi qiymətləndirilməlidir. Sözsüz ki, mülki infrastruktura dron hücumu təşkil etmək acizlik və qorxaqlıq əlamətidir. Bu birmənalıdır ki, Azərbaycana hücum edənlər həmişə peşman olublar, İran da bu qorxaq əməlinə görə peşman olacaq”.