"İran tərəfinin Azərbaycan ərazisinə, Naxçıvana dron zərbəsi endirməsi bu ölkənin nankorluğunun, riyakarlığının göstəricisi hesab edilir. Azərbaycan hər zaman İranla münasibətlərin qorunmasına xüsusi önəm verib. Ölkəmiz eyni zamanda qonşuluq və dostluq prinsiplərinə sadiq qalıb".
Bu sözləri Teleqraf-a Milli Məclisin deputatı Ceyhun Məmmədov İranın Azərbaycana qarşı hərbi təxribatına münasibət bildirərkən deyib.
O qeyd edib ki, hazırda İran dünyadan tam təcrid olunmuş bir vəziyyətdədir: “Amma buna baxmayaraq Azərbaycan Prezidenti cənab İlham Əliyev İranın ölkəmizdəki səfirliyinə gedərək bu ölkənin Ali dini rəhbərinin ölümü ilə bağlı özünün başsağlını verib. Bu ölkəmizin mövqeyinin açıq ifadəsi idi. Buna baxmayaraq İran humanizm prinsiplərinə belə məhlə qoymayaraq Azərbaycana qarşı hər hərbi təxribat törətdi. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, öz ərazisindən İrana qarşı istifadə edilməyib və ölkəmiz buna imkan verməyib. İran tərəfinə də dəfələrlə bildirilib ki, bundan sonra da Azərbaycana ərazisindən ona qarşı hər hansı bir addımın atılması üçün imkan verilməyəcək”.
Deputat bildirib ki, Azərbaycan İrandan fərqli olaraq heç vaxt riyakar siyasət həyata keçirməyib: “Ölkəmiz hər zaman öz qonşularına dəstək olub. Müxtəlif dövrlərdə bunu hər kəs görüb. Amma belə bir şəraitdə İran tərəfinin Naxçıvan hava limanına dron hücumu həyata keçirməsi açıq riyakarlıqdır. Bu aeroport mülki vətəndaşların istifadə etdiyi bir məkandır. Ona görə də İranın mülki şəxsləri hədəf alması terror aktı kimi də qiymətləndirilməlidir. Ona görə də İranın bu addımı ölkəmizə qarşı terror hadisəsi olmaqla yanaşı acizliyin və qorxaqlığın bariz nümunəsidir. Bunu başqa cür qiymətləndirmək mümkün deyil”.
Ceyhun Məmmədov vurğulayıb ki, Azərbaycan həmişə prinsipial mövqedə olub: “Ölkəmizə hücum edənlər həmişə peşman olublar. İran da özünün bu qorxaq əməlinə görə peşiman olacaq. Bu kimi məsələlərdə Azərbaycanın özünün ənənəvi mövqeyini ortaya qoyacaq və yanaşmasını sərgiləyəcək. Çox təəsüf ki, İran Azərbaycanın ona etdiyi yaxşılıqları anlamadı və belə bir hərbi təxribata yol verdi. Bu isə açıq qonşuluq prinsiplərinə zidd olan addımlardır”.