BAKI, 5 mart. TELEQRAF

“Ölkədə özəl təhsil müəssisələrinin sayı artmaqdadır. Bu isə müəllimlərin fəaliyyətinə dair vahid yanaşmanın tətbiqini zəruri edir”.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu günkü iclasında Əmək Məcəlləsinə və “Təhsil haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Bəxtiyar Əliyev deyib.

O qeyd edib ki, belə olan halda sual yaranır ki, bir müəllim dövlət təhsil müəssisəsində sertifikasiya imtahanından keçmədiyi halda necə olur ki, özəl təhsil müəssisəsində fəaliyyət göstərir: "Yeni qanun layihəsinin birinci oxunuşuna uyğun olaraq özəl təhsil müəssisələrində çalışan müəllimlərin də sertifikasiyaya cəlb olunması vacibdir. O vurğulayıb ki, təhsilverənlərin sertifikasiyası qanunla tənzimləndiyindən bu tələblər özəl təhsil müəssisələrinə də şamil edilməlidir".

Deputat əlavə edib ki, müəllimlər sertifikasiyadan keçdikləri halda onların əməkhaqlarına tətbiq olunan 10 və 35 faiz əlavələrin ödənilməsi həmin özəl təhsil müəssisəsini təsis edən qurumun öhdəliyində olmalıdır.