BAKI, 15 oktyabr. TELEQRAF

Bu il ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş ölkə konstitusiyasının 30 illiyini qeyd edirik.

Teleqraf xəbər verir ki, Milli Məclisin spikeri Sahibə Qafarova Beynəlxalq Hakimlər Assosiasiyasının üzvləri ilə görüşdə deyib.

O qeyd edib ki, Bakıda Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyasının keçirilməsi ölkəmizin hüquq sisteminə olan münasibətin göstəricisidir: "Azərbaycanın parlament tarixi 1918-ci ildən başlayır. Bu zaman Azərbaycan parlamenti çoxpartiyalı formatda formalaşmışdı. Eyni zamanda Azərbaycanda Şərqdə ilk dəfə olaraq qadınlara kişilərlə bərabər seçki hüquqi verilib. Sovet dövründə isə Azərbaycan parlamenti formal olaraq fəaliyyət göstərib. 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa edən Azərbaycan parlamenti dövlətin hüquqi əsaslarının formalaşmasında mühüm rol oynayıb".

Milli Məclis sədri Azərbaycan ərazilərinin 20 faizinin 30 ilə yaxın Ermənistanın işğalı altında olduğunu xatırladıb.

Spiker vurğulayıb ki, 2020-ci ilin 44 günlük II Qarabağ müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən bir günlük lokal əməliyyatlar nəticəsində Azərbaycan özünün ərazi bütövlüyü və suverenliyini təmin edib: "Bundan sonra Azərbaycanın suveren ərazilərində ilk dəfə olaraq parlament və prezident seçkiləri keçirilib. Sözsüz ki, bu ölkəmizin tarixində mühüm hadisə idi".