BAKI, 11 oktyabr. TELEQRAF
İran və Oman arasında Hörmüz boğazında gəmiçilik üçün təhlükəsiz dəhlizlərlə bağlı əldə olunan razılaşma boğazın dərhal açılmasını nəzərdə tutmur.
Teleqraf xəbər verir ki, bu barədə Kazım Qəribabadi İranın SNN telekanalına açıqlamasında danışıb.
Onun sözlərinə görə, Omanla əldə olunan ikitərəfli razılaşma Hörmüz boğazına giriş və çıxış marşrutları ilə bağlı mühüm hüquqi və texniki addımdır. Bu sənəd əvvəlki illərdə tətbiq olunan prosedurları əvəz edib.
Qəribabadi vurğulayıb ki, razılaşma boğazın dərhal açılması demək deyil. Onun sözlərinə görə, İran və Oman sənədi BMT-nin himayəsi altında fəaliyyət göstərən Beynəlxalq Dəniz Təşkilatında qeydiyyata almağa çalışırlar.
İran rəsmisi Tehranın hazırkı mərhələdə Hörmüz boğazını yenidən açmaq öhdəliyinin olmadığını bildirib. O əlavə edib ki, boğazın açılması ABŞ-ın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsindən asılıdır.
Qəribabadinin sözlərinə görə, Vaşinqton münaqişənin həllində hərbi yolun nəticə verməyəcəyinə əmin olana qədər İranın boğaz üzərində nəzarəti davam edəcək.