BAKI, 12 oktyabr. TELEQRAF
Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud və İranın xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı olub.
Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İran tərəfinin təşəbbüsü ilə baş tutan danışıq zamanı regionda son hadisələr və gərginliyin artması fonunda görülən tədbirlər müzakirə edilib.
İranın xarici işlər naziri Abbas Əraqçi isə özünün “Telegram” kanalında danışıqların təfərrüatlarını açıqlayıb.
O, regionda vəziyyətin gərginləşməsindən narahatlığını ifadə edərək hərbi üsullara üstünlük verilməsinin və siyasi həll yollarının nəzərə alınmamasının mövcud böhranı daha da dərinləşdirəcəyini bildirib.
Əraqçi vurğulayıb ki, Tehran Səudiyyə Ərəbistanı ilə Yəmən arasında dialoqun qurulmasına və böhranın siyasi yolla həllinə yardım göstərməyə hazırdır.
Qeyd edək ki, oktyabrın 10-da Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsi Ər-Riyad hava limanına hücum nəticəsində azı 12 nəfərin öldüyünü, 309 nəfərin yaralandığını açıqlayıb.
Oktyabrın 11-də isə hava limanına növbəti hücumun həyata keçirildiyi və xəsarət alanların olduğu bildirilib.
Yəmənin “Ənsar Allah” hərəkatı həmin gün ballistik və qanadlı raketlərdən, eləcə də pilotsuz uçuş aparatlarından istifadə etməklə sutka ərzində dörd genişmiqyaslı əməliyyat keçirdiyini bəyan edib.