BAKI, 12 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin mövqeyindən ciddi narazıdır.

Teleqraf xəbər verir ki, bu barədə “Axios” nəşri Ağ Ev rəsmisinə istinadən məlumat yayıb.

“Tramp çox qəzəblidir. O hesab edir ki, Zelenski ABŞ-nin dəstəyini özünə borc bilir”, - mənbə bildirib.

Qeyd edək ki, Tramp daha əvvəl Ukraynanın yeni prezidentə ehtiyacı olduğunu bəyan edib. ABŞ lideri Zelenskinin Rusiya ilə münaqişəni dəfələrlə nizamlamaq imkanına malik olduğunu, lakin bundan istifadə etmədiyini iddia edib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da Zelenskinin mövqeyini tənqid edərək onun hazırda emosional vəziyyətdə olduğunu və düşünülmüş qərarlar qəbul etmək imkanlarının məhdudlaşdığını iddia edib.

Zelenski isə Ukraynada prezident seçkilərinin keçirilməsi məsələsinə münasibət bildirərək bunun üçün 60 günlük atəşkəsin təmin olunmasını şərt kimi irəli sürüb.