BAKI, 12 oktyabr. TELEQRAF

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Kiyevin və Avropa ölkələrinin mövqelərini dəqiqləşdirmək məqsədilə Moskvaya planlaşdırılan səfərlərini təxirə salıblar.

Teleqraf xəbər verir ki, bu barədə “Axios” nəşri məlumatlı mənbələrə istinadən yazıb.

Mənbələrin bildirdiyinə görə, Uitkoff və Kuşner Ukrayna və Avropa ölkələrinin Rusiya tərəfinə təqdim olunacaq yeni, vahid təklif ətrafında razılığa gəlməyə hazır olub-olmadığını müəyyənləşdirənədək Moskvaya səfər etməyəcəklər.

Qeyd edək ki, oktyabrın 9-da ABŞ-nin Florida ştatının Mayami şəhərində ABŞ, Ukrayna, Böyük Britaniya, Almaniya, Fransa, Avropa Komissiyası və NATO nümayəndələrinin iştirakı ilə danışıqlar keçirilib.

Oktyabrın 10-da məlum olub ki, danışıqlar vaxtından əvvəl başa çatıb və əvvəlcədən nəzərdə tutulan ikinci günün görüşləri keçirilməyəcək.

“Axios”un mənbələrinə görə, Mayamidə keçirilən görüş zamanı Uitkoff və Kuşner Ukrayna nümayəndələrinə bildiriblər ki, Kiyev güzəştə getməyəcəyi təqdirdə Vaşinqton onun ABŞ kəşfiyyat məlumatlarına çıxışını məhdudlaşdıra bilər.