BAKI, 11 oktyabr. TELEQRAF
Avropa İttifaqı Ukraynaya pilotsuz uçuş aparatları və raket silahlarının alınması üçün əlavə maliyyə yardımı göstərəcək.
Teleqraf xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqların yekunları ilə bağlı açıqlamasında bildirib.
Fon der Lyayen qeyd edib ki, Ukrayna bu həftə keçiriləcək Avropa İttifaqı Şurasının iclasında əsas məsələlərdən biri olacaq. Onun sözlərinə görə, görüşdə Ukraynanın qarşıdakı il üçün maliyyə ehtiyacları və əlavə dəstəyin təmin olunması yolları müzakirə ediləcək.
Avropa Komissiyasının rəhbəri əlavə edib ki, Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqlar çərçivəsində daha iki istiqamətin açılması da planlaşdırılır.
Bununla yanaşı, fon der Lyayen ayrılacaq vəsaitin dəqiq məbləğini və maliyyələşmə mənbələrini açıqlamayıb. Zelenski isə Ukraynaya təxminən 3 milyard avro həcmində hərbi yardım ayrılacağını bildirib.