BAKI, 24 sentyabr. TELEQRAF
Ölkəniz yüksək səviyyədə inkişaf edir. Azərbaycanla Serbiya arasında əlaqələr inkişaf edir. Bu səfərimizin də məqsədi iki ölkə arasında parlamentlərarası əlaqələrin gücləndirilməsinə xidmət edir.
Teleqraf xəbər verir ki, bunu Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç Milli Məclisin sədri Sahibə Qafarova ilə birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, ölkə başçılarının mühüm təşəbbüsləri ilə münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib: "Azərbaycanla Serbiya arasında bütün sahələrdə əlaqələr uğurla inkişaf edir. Serbiya Prezidenti Aleksandr Vuçiçin COP 29-da iştirakı olduqca əlamətdar oldu. Bu yaxınlarda Belqradda Azərbaycan-Serbiya Strateji Tərəfdaşlıq Şurasının ilk iclası keçiriləcək. Ümid edirik ki, bu çərçivədə Prezident İlham Əliyevin Serbiyaya səfəri baş tutacaq. Eyni zamanda Azərbaycan və Serbiya parlamentləri arasında əlaqələr üzrə dinamika var. İki ölkə parlamentində dostluq qrupları fəaliyyət göstərir. Eləcə də iki ölkə arasında ticarət dövriyyəsinin artmasında maraqlıyıq. Azərbaycan dünyanın etibarlı enerji tərəfdaşıdır. Bu gün enerji mühüm təhlükəsizlik amili hesab olunur".
A.Brnabiç onu da əlavə edib ki, infrastruktur və təhsil sahəsində Azərbaycanla Serbiya arasında sıx əməkdaşlıq var: "Serbiyaya gələn azərbaycanlı tələbələr təqaüdlə təmin edilir. Mədəniyyət sahəsində də sıx əməkdaşlıq davam edir. Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu istiqamətdə öz mövqeyini ifadə edib.