BAKI, 24 sentyabr. TELEQRAF
Milli Məclisdə spiker Sahibə Qafarova və Serbiya Milli Assambleyasının sədri Ana Brnabiçin iştirakı ilə brifinq keçirilir.
Teleqraf xəbər verir ki, spikerlər brifinqdə qarşılıqlı əməkdaşlıq, parlamentlər arasındakı əlaqələrin daha da inkişafı və müxtəlif mövzulara dair bəyanatlarla çıxış edirlər.
Milli Məclis sədri Sahibə Qafarova çıxışında Serbiya Milli Assambleyasının sədrini salamlayıb.
O bildirib ki, Ana Brnabiçlə iki ölkə arasında əlaqələrin inkişafı ilə bağlı geniş müzakirələr aparılıb.
S.Qafarovanın sözlərinə görə, dövlət başçılarının münasibətləri və qarşılıqlı səfərləri Azərbaycan–Serbiya əlaqələrinin inkişafında mühüm rol oynayır. O vurğulayıb ki, iki ölkə beynəlxalq münasibətlər müstəvisində də yüksək səviyyədə əməkdaşlıq edir.
Sədr əlavə edib ki, parlamentlər arasında əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaranıb: "Hər iki ölkənin parlamentində fəaliyyət göstərən dostluq qrupları bu əlaqələrin güclənməsində körpü rolunu oynayır".