BAKI, 19 sentyabr. TELEQRAF

"Bu günlərdə Qarabağda keçmiş məcburi köçkünkərlə görüş zamanı Prezident İlham Əliyev qeyd etdi ki, “son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir”. Bu həqiqətən də belədir. Biz hər gün bir uğur, hər gün bir qələbə qazanırıq. Sentyabr ayı Azərbaycan xalqının təqvimində xüsusi bir aydır. Əlamətdar tarixlərlə doludur. Həmin günlər ölkəmizin, xalqımızın tarixini dəyişdirən mühüm mərhələlərə çevrildi".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisdə Dövlət Suverenliyi Gününə həsr edilən konfransda çıxışı zamanı Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.

O qeyd edib ki, bununla da Azərbaycan xalqına milli qürur hissinin, Azərbaycanın bütün əraziləri üzərində suverenliyin qaytarılmasının başlanğıcını qoyuldu: “Bir vaxtlar Ulu öndərimiz Heydər Əliyevin müdrik uzaqgörənliklə səsləndirdiyi bir fikri xatırlatmaq istərdim. O deyirdi ki, “Bu gün böyük iftixar hissi ilə deyə bilərik ki, biz artıq öz taleyimizin, öz ölkəmizin sahibiyik və Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir”. Zaman göstərdi ki, o nə qədər haqlıdır. Özündən çox inandığı Prezident İlham Əliyev onun bu fikirlərini reallığa çevirdi.

O, Ulu öndərimizin arzusunu və vəsiyyətini həyata keçirərək, 22 ildir ki, Azərbaycanı qurtuluş və tərəqqi yolu ilə qətiyyətlə aparır. Azərbaycanın nüfuzunu təkcə regionda deyil, dünyada artır. Hansı sahəyə baxsaq, orada inkişaf, nailiyyət görərik. Artıq Azərbaycan regionda yeni reallıq yaradıb. Prezident İlham Əliyev təkcə Azərbaycanın lideri deyil. O, dünya səviyyəli siyasətçi kimi beynəlxalq aləmdə tanınır. Bu da təbii prosesdir - güclü və açıq siyasət nümayiş etdirən, beynəlxalq hüquq normaları əsasında fəaliyyət göstərən, istənilən vəziyyətdə konstruktiv dialoqa can atan siyasətçi hamı tərəfindən hörmətlə qarşılanır”.

Komitə sədri bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Suveren hüquqlarını bərpa edib: “Ölkəmizdə separatçılığın kökü kəsilib. İlham Əliyev Azərbaycanı ucaltdı və bütün dünyaya sübut etdi ki, ölkəmiz qüdrətli, köklü dövlətdir, dünyanın aparıcı dövlətlərinin müqaviməti ilə üzləşsə belə, istənilən məqsədə çatmağa qadirdir. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin parlaq strategiyasının bəhrəsidir.

Strategiyanın mahiyyəti güclü iqtisadiyyata, uğurlu diplomatiyaya, döyüşə hazır orduya malik dövlət yaratmaqdan ibarətdir. Azərbaycan Prezidenti ilk növbədə öz ölkəsinin maraqlarından çıxış edir".