BAKI, 30 iyul. TELEQRAF
Xalq rəssamı Arif Hüseynov Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Arif müəllim, hazırda yay mövsümüdür. Adətən bu dövr sənət adamları üçün həm istirahət, həm də yeni yaradıcılıq axtarışları ilə yadda qalır. Sizin üçün bu yay necə keçir, üzərində çalışdığınız yeni işlər varmı?
- Yaradıcılığımı davam etdirirəm. Bağda idim, şəhərə qayıtdım. Prezident İlham Əliyev Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Mən də Xalq şairinin profil portretini hazırlamışam. Səməd Vurğun böyük şairimizdir, 1956-cı ildə onun dəfn mərasimində iştirak etmişəm.
Bağda istirahət edəndə həm də yaradıcılıqla məşğul oluram. Mənim gün ərzində yaradıcılqla məşğul olmağımın saatı yoxdur. Bəzən gecə saat 12-yə, hətta 1-ə qədər işləyirəm. Yaradıcılığın zamanı olmur. Sevginin zamanı varmı? Əlbəttə, yox. Elə əsər olur, bir günə tamamlayıram, eləsi də olur, üzərində bir ay çalışıram. Onu da deyim ki, mərhum millət vəkili Qənirə Paşayevanın şeirlərinə 12 əsər həsr etmişəm.
- Yaşınızın 80-i keçməsinə baxmayaraq yaradıcılıq həvəsiniz hələ də tükənməyib...
- Belə gümrah qalmağıma görə sənətimə borcluyam. Mən 30 il Bakının "Sovetski" məhəlləsində yaşamışam, orada öyrəndiyim həyat prinsiplərinə bu gün də sadiqəm: heç kimə paxıllıq etməmək, heç kimə pislik arzulamamaq. Uzun illər "Göyərçin" uşaq jurnalında çalışmışam, uşaqlarla ünsiyyətdə olmuşam.
Uşaqlar çox saf və təmiz qəlbli olurlar. Mən də həmişə pozitiv qalmağa, azad düşünməyə çalışmışam. Həyatım boyu heç bir həmkarımın paxıllığını çəkməmişəm. Dünyaca məşhur rəssamlar Mikelancelo Buonarroti, Rafael Santi kimi dahilərə isə ancaq sözün yaxşı mənasında həsəd aparmışam. Sənətdə rəqabət paxıllıq demək deyil. Mən heç nəyi ürəyimə salmıram. Əsərlərimlə yaşayıram, həyata həmişə nikbin baxıram. Məni tanıyan heç kim "Arif müəllim qaraqabaq insandır" deməz.
Bir neçə il Rəssamlıq Akademiyasında dərs dedim. Sonra bu işdən əl çəkdim. Çünki tələbələrdə gözlədiyim həvəsi və marağı görmədim. Düşündüm ki, vaxtımı öz yaradıcılığıma sərf etməyim daha doğru olar. 83 yaşındayam, hələ də həyata keçirmək istədiyim çoxlu layihələrim var, bütün diqqətimi öz yaradıcılığıma yönəltmişəm.
- Bir müddət əvvəl Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinin üzvlüyündən və "Kitab qrafikası və miniatür" bölməsinin sədri vəzifəsindən ayrıldınız. Bu qərarınızı şərtləndirən əsas səbəblər nə idi?
- Rəssamlar İttifaqının Rəyasət Heyətinin üzvlüyündən və "Kitab qrafikası və miniatür" bölməsinin sədri vəzifəsindən öz ərizəmlə getdim. Başqa layihələrim var, işlərim çoxdur... Dövlətimiz və Rəssamlar İttifaqı yaradıcılığımı layiqincə qiymətləndirib, onlara təşəkkür edirəm.
1985-ci ildən həmin qurumda fəaliyyət göstərirdim, eyni zamanda "Kitab qrafikası və miniatür" bölməsinin rəhbəriydim. Hesab edirəm ki, artıq gənclərə yer verməyin vaxtıdır. Demək istədiyim əsas fikir budur. Digər məsələlərə toxunmaq istəmirəm, buna ehtiyac görmürəm... Azərbaycan Rəssamlar İttifaqının çox zəngin və şərəfli tarixi var. Bu təşkilatda ölkəmizin görkəmli rəssamları fəaliyyət göstəriblər.
- Uzun illəri əhatə edən yaradıcılıq fəaliyyətinizə nəzər saldıqda, hansı dövrü və ya hansı əsərinizi yaradıcılığınızda dönüş nöqtəsi hesab edirsiniz?
- Mənim üçün Sabirin "Hophopnamə" əsərinə çəkdiyim illüstrasiyalar yaradıcılığımda əsl dönüş nöqtəsi oldu. Həmin dövrdə müəllimim Xalq rəssamı Mikayıl Abdullayev idi. Bir gün mənə dedi ki, "Hophopnamə"nin illüstrasiyalarını hazırlamaq lazımdır. Bu iş öncə ona təklif olunmuşdu, o isə mənə həvalə etməyi məsləhət görmüşdü.
Əzim Əzimzadədən sonra Nəcəfqulu İsmayılovun, Elçin Məmmədovun yaradıcılığında hələ də Əzimzadə təsiri hiss olunurdu. Mən isə "Hophopnamə"yə tamamilə yeni yanaşma təqdim etmək istədim. Dünyada belə bir ənənə var - bir rəssamın müəyyən bir klassik əsərlə assosiasiya olunması. Məsələn, Migel de Servantesin "Don Kixot"u ilə bağlı belə nümunələr mövcuddur.
Mən də bu ənənəni Azərbaycanda tətbiq etdim. Nəticə uğurlu alındı. Bu iş mənim yaradıcılıq fəaliyyətimdə dönüş nöqtəsinə çevrildi.
Ardınca Tokioda sərgim təşkil olundu. Bu baxımdan Heydər Əliyev Fondunun dəstəyini xüsusi qeyd etmək istərdim. Oğlum Orxan Hüseynov da sərgidə iştirak edirdi. O da rəssamdır, özü də yaxşı rəssamdır. Tokioda bir məsələ diqqətimi çəkdi, orada ənənə və müasirlik var. Tokioda bəzi rəssamların əl işlərinə baxdım. Sonra miniatür sənəti ilə maraqlanmağa başladım.
- Mərhum Heydər Əliyev mədəniyyətə və yaradıcı insanlara xüsusi diqqət göstərirdi. Sizin Ulu öndərlə şəxsi görüşünüz olubmu?
- 1982-ci il ildə Ulu öndər Heydər Əliyev yaradıcı insanlardan ibarət bir qrupu özü ilə Naxçıvana apardı. Mən, yazıçı Seyran Səxavət, bəstəkar Ramiz Mirişli, rəssam Oqtay Şıxəliyev də bu qrupda idik. Heydər Əliyev tədbirdən sonra axşam saatlarında bizimlə görüşdü.
Ulu öndərin qayğıkeş münasibəti mənim üçün çox dəyərli xatirədir. Hesab edirəm ki, Heydər Əliyev kimi şəxsiyyətlər yüz ildə bir dünyaya gəlir. Yüksək zəkaya, güclü dövlət təfəkkürünə sahib, yaradıcı sahələrə, eləcə də memarlığa, şəhərsalmaya xüsusi həssaslıqla yanaşan lider idi. Mən onun həyata keçirdiyi siyasətin formalaşdırdığı mühitdə böyümüşəm və onunla şəxsən görüşmək mənim üçün unudulmaz bir məktəb olub.
- Arif müəllim, nə zamansa siyasətə qatılmaq fikriniz olubmu?
- Hesab edirəm ki, ən böyük siyasət mədəniyyətdir. Mən öz işimdə uğur qazansam, bu da böyük siyasət sayılar. Bir dəfə Uinston Çörçilə müharibə vaxtı ölkənin büdcəsini göstərirlər. Soruşur ki, niyə mədəniyyət sahəsinə bu qədər az vəsait ayırmısınız? Əgər mədəniyyət olsaydı, müharibə başlamazdı. Yəni mədəniyyət çox böyük qüvvədir.
- Müasir gənclərin rəssamlıq sənətinə marağını necə qiymətləndirirsiniz? Sizcə, bu gün Azərbaycan rəssamlığının gələcəyini formalaşdıra biləcək istedadlı gənclər yetişirmi?
- İstedadlı gənclərimiz var. Qeyd etdiyim kimi, bir müddət Rəssamlıq Akademiyasında dərs demişəm. Tələbələrin təxminən 90 faizi qızlardır. Onlar əsasən dizayn, moda, rəngkarlıq və qrafika ixtisaslarına üstünlük verirlər. Heykəltəraşlıq sahəsinə isə maraq çox azdır, hətta yox səviyyəsindədir.
İndi insanlar daha praqmatik olublar. Bizim dövrümüzdə sənətə idealist yanaşırdıq. Mən gecələr də işləyirdim. İndiki gənclərsə tez tanınmaq və qısa zamanda pul qazanmaq istəyirlər. Bu da asan deyil... Hər halda istedadlı gənclər var və onlara düzgün istiqamət vermək lazımdır.
- Arif müəllim, Bakıda doğulmusuz?
- Qala kəndində anadan olmuşam. Üç yaşım olanda atam vəfat etdi. Atam müəllim, anam evdar qadın idi. Anamın ən böyük arzusu mənim ali təhsil almağım idi. Sonralar ailəni dolandırmaq üçün çox zəhmətə qatlaşdı, bizi böyük əziyyətlə böyütdü. Uşaqlıqdan kitablara böyük marağım vardı. Rəssamlığa həvəsim də məhz o illərdə yarandı. Oxuduğum ilk kitablardan biri "Uzaq sahillərdə" idi. İllüstrasiyalarını rəssam Oqtay Sadıqzadə çəkmişdi. Onun işləri məni o qədər təsirləndirdi ki, düşündüm görəsən, bunları necə yaradıb?
Bu maraq məni Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə gətirdi. Bir gün evə gələndə gördüm, anamın əhvalı yaxşı deyil. Səbəbini soruşdum. Dedi, qonşularla söhbət edirdik. Bir qadın dedi ki, oğlumun biri taksi sürücüsü oldu, digəri rəssamlığa getdi. Anam mənə baxıb dedi: "Sən də özünə belə bir sənət seçdin...". İllər keçdi. Bir gün yenə evə qayıdırdım. Küçədən öz səsimi eşitdim. Məlum oldu ki, anam televizorda mənim çıxışımı izləyir. Anladım ki, artıq mənimlə fəxr edir. Düşünürəm ki, bu, həm anamın zəhmətinin, həm də böyüdüyüm "Sovetski" məhəlləsinin mənə aşıladığı tərbiyənin nəticəsidi...
FOTO: Elnur Muxtar
