BAKI, 30 iyun. TELEQRAF
Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında italyan bəstəkarı Cüzeppe Verdinin "Otello" operasının premyerası baş tutub.
Teleqraf xəbər verir ki, tamaşanın quruluşçu rejissoru və baş rolun ifaçısı, Xalq artisti Azər Zeynalov səhnə əsəri barədə təəssüratını bölüşüb: "Altı aya yaxındır ki, bu tamaşa üzərində işləyirik. Tamaşanın rejissorluğunu da öz üzərimə götürdüm. Bu şəraiti yaratdığına görə teatrın rəhbərliyinə təşəkkürümü bildirirəm. Çox maraqlı tamaşadır. Otello partiyasını ifa etmək mənim ən böyük arzularımdan biri idi. On bir il əvvəl bu partiyanı konsert formatında ifa etmişdik. İndi isə bu möhtəşəm əsəri tam səhnə quruluşunda tamaşaçılara təqdim edirik. İnanıram ki, bu opera teatrımızın repertuarında uzun illər öz yerini qoruyacaq. Qeyd edim ki, bu tamaşa 33 il əvvəl də teatrımızın repertuarında olub".
Tamaşaya Əməkdar artist Eyyub Əliyev dirijorluq edib. Quruluşçu rejissor Xalq artisti Azər Zeynalov olub.
Premyerada Otello obrazını Xalq artisti Azər Zeynalov, Dezdemona partiyasını Əməkdar artist Afaq Abbasova, Yaqo rolunu Əməkdar artist Anton Ferştandt, Kassio partiyasını Əməkdar artist Tural Ağasıyev, Emiliya rolunu Nina Makarova, Rodriqo partiyasını Əməkdar artist Əliəhməd İbrahimov, Lodoviko obrazını Xalq artisti Əkrəm Poladov, Montano rolunu İqor Yadrov, Herold partiyasını isə Ruslan Persan canlandırıb.