BAKI, 9 oktyabr. TELEQRAF

Xalq artisti Əminə Yusifqızı 89 yaşında vəfat edib.

Teleqraf xəbər verir ki, bu haqda Xalq artistinin yaxınları məlumat verib.

Qeyd edək ki, Əminə Yusifqızı 24 sentyabr 1936-cü ildə Bakıda anadan olub. 10 il Akademik Milli Dram Teatrında, 1974-cü ildən isə "Azərbaycanfilm" kinostudiyasında çalışıb.

50-ci illərdən Azərbaycan kinosunda fəaliyyət göstərib. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında "Şərikli çörək", "Bizim küçənin uşaqları", "Musiqi müəllimi", “Tənha narın nağılı”, “Yay günlərinin xəzan yarpaqları”, “Qətl günü” və s. filmlərdə çəkilib, onlarla filmin dublyajında iştirak edib.

Uzun müddət kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışıb. Eyni zamanda bədii qiraət ustası kimi tanınıb.

1998-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.