BAKI, 27 may. TELEQRAF
"Ad günümü məkanların birində qeyd etdik. Dostlarım, yaxınlarım ətrafımda idi. Ad günlərində təəssüratlarım həmişə çox gözəl olur. Yaxınlarımı görürəm, nostalji hisslər keçirirəm. Keçmiş günlərimi, xüsusilə gənclik və efirdə keçən illərimi xatırlayıram. O illər üçün çox darıxıram".
Bunu Teleqraf-a açıqlamasında Xalq artisti Ofeliya Sənani deyib.
Onun sözlərinə görə, xoşbəxt həyat yaşayıb: "Hər günüm dolu, mənalı və xoşbəxt keçib. Hər yerə çatdırırdım - efirə, kinostudiyaya. Gecə yatmamış bütün ev işlərimi görürdüm, yemək bişirirdim. Xanımlara güclü olmağı, ruhdan düşməməyi, yorulmamağı arzu edirəm. Mən hər verilişi oxuduqca sanki cavanlaşırdım, çünki işimi çox sevirdim. İşim mənə ruh verirdi, ona görə də cavan qalmışam. Həyat yoldaşım da mənə dəstək olurdu. Vaxt tapıb məni işə aparıb-gətirirdi".
Səhhətindən danışan Xalq artisti deyib: "Səhhətim yaxşı deyil. Daim ev şəraitində müalicədəyəm, dərmansız günüm olmur. İnfarkt keçirdikdən sonra əvvəlki gücüm qalmayıb. Təzyiqim yüksəkdir. 84 yaşım var, bu ömür Allahın payıdır. Dərmanlarımı vaxtlı-vaxtında içirəm. Dediyim kimi, xoşbəxt bir ömür yaşamışam. Rahatam ki, uşaqlarımın yeməyi olub, heç kimə əziyyət verməmişəm.
Ailəni, uşaqları, evi idarə etmək qadının üzərinə düşür. Qadınlara məsləhətim budur ki, ailələrinə daha çox vaxt ayırsınlar. Diqqətləri uşaqlarının üzərində olsun. Qapını bağlayıb, işə getməsinlər. Həyatda ayıq olmaq, planlı yaşamaq vacibdir".
Qeyd edək ki, Ofeliya Sənani Valid Sənani ilə evli olub. Valid Sənani 2011-ci ildə 75 yaşında dünyasını dəyişib. Onların bir qızı, bir oğlu var.