Aparıcı-aktrisa Xəyalə Quliyeva Xəzər televiziyasında yayımlanan “Komedixana” yumoristik verilişini tənqid edən millət vəkili Etibar Əliyevin onun ünvanladığı məktuba reaksiya göstərmədiyini bildirib.
Xəyalə Quliyeva Teleqraf.com-un əməkdaşının "Deputat Etibar Əliyev ünvanladığınız məktubunuza reaksiya göstərdi" sualına belə cavablandırıb: "Bilmirəm, bu məsələnin yenidən böyüdülməsini istəmirəm. Gündəm olmaq üçün bu addımı atmamışam Sadəcə öz fikrimi yazmışam. Bu məsələnin təkrar böyüməsini istəmirəm", -deyə cavab verib.
Qeyd edək ki, Etibar Əliyev feysbuk səhifəsində "Komedixana" verilişini və yaradıcı heyətini tənqid edib: “Təsadüfən Xəzər televiziyasının “Komedixana” kimi urvatsız bir verilişinə baxdım. Bir məsələ məni düşündürdü: görəsən bu verilişdə iştirak edənlərin heç olmasa kollec təhsili varmı? Bunlara komediya haqqında dərslər, aktyorluq dərsi, davranış dərsi keçilibmi? Baxanda hiss edirsən ki, bunlar deyəsən televiziya rəhbərinin bayağı yumoru və davranışından başqa heç nə öyrənməyiblər.
Yaxşı, onda hansı məqsədlə gənclərin tərbiyəsini pozursunuz, onlara bayağı və təlxək davranışları təlqin edirsiniz? Bayağı hərəkətlər, duzsuz yumorlar, seçilmiş küçə mövzuları bunların yalnız özlərinə xoş gələ bilər”.
Aparıcı isə İnstaqramda hekayə bölümündə deputata məktub ünvanlayıb: "Salam, çox hörmətli deputat! Əslində haqqımızda danışmazdan əvvəl millət vəkili olduğunuzu bilmirdim. Ona görə yox ki, savadım çatmır, düny görüşüm yoxdur. Sadəcə bir deputat kimi heç nə ilə yadda qalmamısız. Bizimlə bağlı danışdığınıza görə, yetəri qədər özümüzü tanıda bilmişik. Bir sözünüzlə razıyam ki, “Komedixana” aktyorlarının kollec təhsili yoxdur.
Bəli, haqlısız! Onların hamısı ali təhsillidir. Elə özümü deyim. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində görkəmli sənətkarlardan səhnə danışığı, səhnə mədəniyyəti, aktyor və rejissor dərsləri almışam.
Bu o vaxta təsadüf edib ki, siz qapı-qapı gəzib, seçicilərinizə bülleten paylayıb, sizi seçməklərini xahiş edirdiz. Məncə, bilib-bilmədən danışmaq sizə yaraşmadı. Eybi yox, bar verən ağacı daşlayarlar. Bir daş da sizdən gəlsin. Əminəm ki, vaxtilə bostanınıza o daşların bir qırığı da atılmayıb. Hörmətlə, ali təhsilli, 4 diplomlu, 20 illik təcrübəli, aparıcı-aktrisa Xəyalə Quliyeva!”.