BAKI, 16 avqust. TELEQRAF
ABŞ-nin Havayi ştatını vuran “Lala” tropik fırtınası nəticəsində elektrik enerjisi istehlakçılarının 40 faizindən çoxu işıqsız qalıb.
Teleqraf xəbər verir ki, bu barədə “poweroutage.us” portalının məlumatlarında bildirilir.
Məlumata görə, hazırda ştatda 214 037 təsərrüfat elektrik enerjisindən məhrumdur. Bu, ümumi elektrik enerjisi istehlakçılarının 41,92 faizini təşkil edir.
“Lala” avqustun 16-da birinci kateqoriyalı qasırğa statusundan tropik fırtına səviyyəsinə qədər zəifləyib. Buna baxmayaraq, meteoroloqlar gün ərzində güclü külək və intensiv yağıntıların davam edəcəyi barədə xəbərdarlıq edirlər.
Həmçinin Havayidə daşqın və torpaq sürüşməsi təhlükəsinin qaldığı bildirilir.
Qeyd edək ki, fırtına ştatda genişmiqyaslı elektrik kəsintilərinə səbəb olub. "Reuters"in məlumatına görə, avqustun 16-da səhər saatlarında Havayidə təxminən 130 min elektrik enerjisi istehlakçısı işıqsız qalıb.