BAKI, 17 avqust. TELEQRAF
İspaniyanın Şimali Afrikadakı muxtar şəhəri Seutada 200-ə yaxın miqrant sığınacaq verilməsi tələbi ilə etiraz aksiyası keçirib.
Teleqraf xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
Məlumata görə, aksiya Trampolin çimərliyində yaradılmış müvəqqəti düşərgədə baş tutub. Etirazçılar İspaniya bayraqları və müxtəlif şüarlar yazılmış plakatlar qaldıraraq ölkədə qalmaq, işləmək və ailələrinə yardım etmək istədiklərini bildiriblər.
Aksiya iştirakçıları “sığınacaq” şüarı səsləndirərək İspaniya hakimiyyətindən hüquqi statuslarının müəyyənləşdirilməsini tələb ediblər. Miqrantlara yardım göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri də plakatların hazırlanmasına kömək ediblər.
Trampolin çimərliyi son günlər yüzlərlə miqrantın müvəqqəti yaşayış yerinə çevrilib. EFE-nin daha əvvəl yaydığı məlumata əsasən, burada təxminən 1500 nəfər məskunlaşıb. Onların bir hissəsi qamış, plastik və kartondan hazırlanmış müvəqqəti sığınacaqlarda yaşayır.
Qeyd edək ki, avqustun 15-də Mərakeş təhlükəsizlik qüvvələri yüzlərlə miqrantın Seutaya keçmək cəhdinin qarşısını alıb. Sərhəddə keçirilən əməliyyat zamanı yüzlərlə şəxs saxlanılıb.