BAKI, 16 avqust. TELEQRAF
General-mayor Abbasəli Novruzovun uzun və şərəfli xidmət yolu daim ehtiramla xatırlanacaq.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Abbasəli Novruzovun vəfatı ilə bağlı verdiyi başsağlığıda bildirilir.
Qeyd olunub ki, həyatının böyük hissəsini sərhədçi peşəsinə həsr edən Abbasəli Novruzovun hərbi xidmət yolu sıravi əsgər kimi başlamış, yüksək peşəkarlığı, zəngin təcrübəsi, prinsipiallığı və Vətənə sədaqəti sayəsində məsul vəzifələrədək yüksəlmişdir: "SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Sərhəd Məktəbinin hüquq bölməsini, daha sonra Dövlət Təhlükəsizlik Akademiyasını bitirmiş, hüquqşünas, hərbi tərcüməçi və əməliyyatçı kimi xidmət etmişdir.
Peşəkar fəaliyyətinə və hüquq sahəsində xidmətlərinə görə 1979-cu ildə "Azərbaycan SSR əməkdar hüquqşünası" fəxri adına, həmçinin "SSRİ DTK-nın fəxri əməkdaşı" adına layiq görülmüşdür.
Müstəqilliyimizin ilk illərində dövlət sərhədlərinin mühafizəsinin möhkəmləndirilməsi, milli sərhəd mühafizə sisteminin formalaşdırılması və Sərhəd Qoşunlarında idarəetmənin təkmilləşdirilməsi xüsusi əhəmiyyət daşıyırdı. Belə mürəkkəb bir dövrdə Ümummilli Lider Heydər Əliyevin qərarı ilə Abbasəli Novruzov 8 aprel 1994-cü ildə yenidən sərhəd mühafizəsi sıralarına qaytarılmış, Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini – Sərhəd Qoşunlarının komandanı vəzifəsinə təyin edilmişdir.
Azərbaycanın müstəqil dövlət olaraq öz sərhədlərini milli qüvvələri hesabına qoruması prinsipini ardıcıl müdafiə edən Abbasəli Novruzov beynəlxalq və regional görüşlərdə ölkəmizin dövlətçilik maraqlarını qətiyyətlə ifadə etmişdir. Onun "Azərbaycan müstəqil dövlətdir, öz sərhədlərini özü qorumalıdır" mövqeyi müstəqil milli sərhəd mühafizə sisteminin qurulmasına yanaşmasının əsas mahiyyətini əks etdirmişdir və Azərbaycan Respublikasının xüsusi xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə, dövlət təhlükəsizliyinin, sərhədlərimizin etibarlı mühafizəsinin təmin olunmasında xidmətlərinə görə "Şöhrət" ordeni və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.
General-mayor Abbasəli Ramazan oğlu Novruzovun uzun və şərəfli xidmət yolu, dövlət sərhədlərimizin mühafizəsinin təşkilində göstərdiyi xidmətlər və Azərbaycan sərhədçisinin peşəkar ənənələrinin formalaşmasına verdiyi töhfələr daim ehtiramla xatırlanacaqdır.
Abbasəli Ramazan oğlu Novruzovun əziz xatirəsi onu tanıyanların, silahdaşlarının və sərhədçilərin qəlbində daim yaşayacaqdır.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi general-mayor Abbasəli Novruzovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!"
A.Novruzovun dəfn mərasimi sabah saat 10:00-da Hərbi Memorial Məzarlıqda keçiriləcək.