BAKI, 17 avqust. TELEQRAF
Konqo Demokratik Respublikasında (KDR) davam edən Ebola epidemiyası ölkə tarixində bu virusun səbəb olduğu ən ölümcül epidemiya olub.
Teleqraf xəbər verir ki, bu barədə hökumət rəsmiləri məlumat yayıb.
Konqonun İctimai Səhiyyə İnstitutunun məlumatına görə, Ebola nəticəsində ölənlərin sayı azı 2 325 nəfərə çatıb. Bununla da hazırkı epidemiya ölüm sayına görə 2018-2020-ci illərdə ölkədə baş vermiş Ebola epidemiyasını geridə qoyub.
Ölkədə təsdiqlənmiş yoluxma hallarının sayı 4 945-ə yüksəlib. Son 24 saat ərzində daha 101 yeni yoluxma faktı qeydə alınıb.
BMT daha əvvəl vəziyyətin son dərəcə ağır olduğunu bildirərək, Konqo Demokratik Respublikasında hər 30 dəqiqədə bir nəfərin Ebola səbəbindən öldüyünü açıqlayıb.
Hazırda ölkənin 26 əyalətindən altısında yoluxma qeydə alınıb. Epidemiya əsasən KDR-in şimal-şərq sərhədləri boyunca yerləşən əraziləri əhatə edir. İturi əyalətində 3 400-dən çox yoluxma aşkarlanıb. Hazırkı epidemiya ilk dəfə məhz bu bölgədə qeydə alınıb.
Məlumata görə, yoluxmaların artım sürəti baxımından hazırkı epidemiya Ebola virusunun məlum tarixində ən sürətlə yayılan epidemiyaya çevrilib.
Vəziyyəti daha da mürəkkəbləşdirən amillərdən biri epidemiyaya səbəb olan virusun nadir Bundibugyo ştammına qarşı təsdiqlənmiş peyvənd və xüsusi müalicə vasitəsinin olmamasıdır.
“Sərhədsiz Həkimlər” təşkilatının Konqoda çalışan ictimai səhiyyə mütəxəssisi Tomas Pariş bildirib ki, yoluxanların bir çoxu hələ də xəstəliyin çox gec mərhələsində aşkarlanır. Onun sözlərinə görə, bəzi xəstələr yalnız icmalarda öldükdən sonra Ebola daşıyıcısı kimi müəyyən edilirlər ki, bu da epidemiyanın nəzarət altına alınmasını çətinləşdirir.
Qonşu Uqandada isə indiyədək azı 20 Ebola yoluxması qeydə alınıb. Bütün hallar ölkənin paytaxtı Kampalada aşkarlanıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) may ayında KDR və Uqandadakı Ebola epidemiyasını beynəlxalq əhəmiyyətli ictimai səhiyyə fövqəladə vəziyyəti elan edib.
Ebola virusu insanlara yoluxmuş vəhşi heyvanlardan keçə, daha sonra isə insanlar arasında qan, ifrazatlar və digər bədən mayeləri ilə birbaşa təmas nəticəsində yayıla bilər. Virus həmçinin yoluxmuş şəxsin istifadə etdiyi çirklənmiş əşyalar və səthlər vasitəsilə ötürülə bilər.
ÜST-ün məlumatına görə, xəstəliyin ilkin əlamətləri arasında qızdırma, güclü halsızlıq, əzələ ağrısı, baş və boğaz ağrısı var. Sonrakı mərhələdə qusma, ishal, qarın ağrısı, səpkilər, böyrək və qaraciyər funksiyalarının pozulması müşahidə oluna bilər.
Müqayisə üçün, 2014-2016-cı illərdə Qərbi Afrikada baş vermiş Ebola epidemiyası zamanı Qvineya, Liberiya və Syerra-Leonedə ümumilikdə 28 616 yoluxma və 11 310 ölüm qeydə alınmışdı.