BAKI, 17 avqust. TELEQRAF

Çexiyada avqustun 16-da anomal isti hava şəraiti fonunda onlarla meteoroloji stansiyada yeni temperatur rekordları qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Çexiyanın ČTK informasiya agentliyi ölkənin Hidrometeorologiya İnstitutuna istinadən məlumat yayıb.

Bildirilib ki, ölkə ərazisində fəaliyyət göstərən 170 meteoroloji stansiyadan 39-da avqustun 16-sı üçün temperatur rekordu yenilənib.

Günün ən yüksək temperaturu Çexiyanın şərqində – Moraviya və Sileziya bölgələrində qeydə alınıb. Hodonin şəhəri yaxınlığında havanın temperaturu 37,6 dərəcəyə yüksəlib.

Meteoroloqların məlumatına görə, builki yay Çexiyada hava müşahidələrinin aparıldığı bütün dövr ərzində ən isti yay mövsümlərindən biri ola bilər.

Yüksək temperaturla yanaşı, ölkədə güclənən quraqlıq da ciddi narahatlıq doğurur. Hazırda quraqlığın Çexiya ərazisinin 88 faizini əhatə etdiyi bildirilir.

Hökumət quraqlığın nəticələri ilə mübarizə üçün yaxın perspektivdə 4 milyard kron – təxminən 190 milyon dollar vəsait ayırmağı planlaşdırır.

Avqustun 17-də Nazirlər Kabinetinin baş nazir və nazirlərin məzuniyyətindən sonra keçiriləcək ilk iclasında ölkədəki quraqlıq vəziyyətinin ayrıca müzakirə olunacağı gözlənilir.