BAKI, 16 avqust. TELEQRAF

İran ordusunun komandanı general Əmir Hatəmi ABŞ-nin Fars körfəzi, Oman körfəzi və Hörmüz boğazına girişinə artıq icazə verilmədiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.

Hatəmi bildirib ki, ABŞ-nin bölgədəki hərbi bazaları əvvəlki vəziyyətinə heç vaxt qayıda bilməyəcək və İran öz ərazisinin yaxınlığında ölkəyə təhlükə yaratmaq məqsədi daşıyan obyektlərin yaradılmasına imkan verməyəcək.

“Yeganə çıxış yolu amerikalıların regionu tərk etməsidir. Onlar faktiki olaraq qovulublar və artıq Fars körfəzinə, Oman körfəzinə və Hörmüz boğazına daxil olmalarına icazə verilmir”, - deyə general bildirib.

İranlı komandan Tehranın bu istiqamətdə artıq qələbə qazandığını və əldə olunan nəticələri möhkəmləndirdiyini də iddia edib.

Hatəmi ABŞ Prezidenti Donald Trampı uğursuz adlandıraraq, onun axmaqcasına ABŞ-nin İranda uğur əldə edə biləcəyinə inandığını söyləyib.

“Onlar düşünür və iddia edirdilər ki, bu tədbirlərlə İran problemini həll edə bilərlər. İranın problemi yoxdur və nüvə ilə bağlı bəhanələr yalandır. Uydurulmuş bu problemin hərbi həlli yoxdur”, - deyə Hatəmi qeyd edib.

General əlavə edib ki, ABŞ artıq əvvəlki gücünə malik deyil.