BAKI, 16 avqust. TELEQRAF
Zimbabve hökuməti avqustun 11-də Kariba su anbarında bərənin batması nəticəsində 84 nəfərin həlak olması ilə bağlı qəzanın səbəblərini araşdırmağa başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə “ZBC” telekanalı ölkənin nəqliyyat və infrastrukturun inkişafı naziri Feliks Mxonoya istinadən məlumat yayıb.
Qərbi Maşonaland əyalətinin dövlət naziri Marian Çombo batan bərədə olan sərnişinlərin yaxınlarını onların taleyi barədə hakimiyyət orqanlarına məlumat verməyə çağırıb. Onun sözlərinə görə, gəmidə olan 67 nəfər xilas edilib.
Kariba su anbarında axtarış-xilasetmə işləri davam edir. Bərənin göyərtəsində dəqiq neçə nəfərin olduğu hələ də rəsmi olaraq müəyyən edilməyib. İlkin olaraq gəmidə təxminən 160 nəfərin olduğu bildirilsə də, sonradan bu rəqəmin 100-dən çox olduğu qeyd edilib.