BAKI, 17 avqust. TELEQRAF
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Proqramı çərçivəsində Xocavənd və Şuşa rayonlarının üç kəndinə növbəti köç karvanları yola salınıb.
Teleqraf xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Xocavənd rayonunun Quzeyxırman və Güneyxırman, eləcə də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndlərinə ailələrin köçürülməsi həyata keçirilir.
Doğma yurdlarına qayıdan sakinlər respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
İlk mərhələdə Quzeyxırman kəndinə 18 ailə - 82 nəfər, Güneyxırman kəndinə 21 ailə - 103 nəfər köçürülüb.
Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə isə 11 ailədən ibarət 39 nəfərin köçü həyata keçirilib.
Beləliklə, üç kəndə ilk mərhələdə ümumilikdə 50 ailə - 224 nəfər qayıdıb.
Doğma yurda qayıdan sakinlər göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sakinlər, həmçinin Azərbaycan torpaqlarını işğaldan azad edən Ordumuza, əsgər və zabitlərə təşəkkür edib, ölkənin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsini ehtiramla yad ediblər.