BAKI, 17 avqust. TELEQRAF

İtaliyanın Siciliya adasındakı Messina şəhərində yerləşən Regional Muzeydən XV əsrin məşhur rəssamı Antonello da Messinanın dörd qiymətli əsəri oğurlanıb.

Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti məlumat yayıb.

Hadisə avqustun 15-də, İtaliyada Ferragosto milli bayramının qeyd edildiyi vaxt baş verib. Ehtimal olunur ki, oğrular şəhərdə keçirilən və minlərlə insanın qatıldığı “La Vara” dini festivalından istifadə edərək muzeyə daxil olublar.

Məlumata görə, cinayətkarlar muzeyin siqnalizasiya sistemlərini keçərək qorunan vitrinləri sındırıblar və Antonello da Messinanın dörd taxta panel üzərində çəkilmiş əsərini aparıblar.

Oğurlanan əsərlərdən üçü rəssamın ən mühüm işlərindən sayılan “San Qreqorio poliptixi”nin günümüzə qədər gəlib çatan beş panelindən üçüdür. Əsər əvvəlcə altı paneldən ibarət olub və 1908-ci ildə Messinada baş verən dağıdıcı zəlzələ zamanı məhv edilmiş San Qreqorio monastırı üçün hazırlanıb.

Dördüncü oğurlanan əsər isə ikitərəfli kiçik rəsmdir. Onun bir tərəfində Məryəm və körpə İsa ilə fransiskan rahib, digər tərəfində isə İsa Məsih təsvir olunub. Əsər 2003-cü ildə “Christie’s” hərracında Siciliya regional hökuməti tərəfindən alınıb.

Muzeyin direktoru Marisa Merkurio hadisəni “son dərəcə ciddi itki” adlandırıb.

Onun sözlərinə görə, oğurlanan əsərlər yalnız Messina üçün deyil, bütövlükdə Siciliya üçün böyük mədəni, bədii və simvolik əhəmiyyət daşıyır.

Maraqlıdır ki, oğrular ümumilikdə altı rəsm əsərini muzeydən çıxarıblar. Lakin onlardan ikisi naməlum səbəbdən muzeyin yaxınlığındakı alçaq divarın üzərində qoyularaq tərk edilib.

Messina Universiteti ilə əməkdaşlıq edən sənət tarixçisi Valentina Çerto oğurluğu şəhərin tarixi yaddaşına və mədəni kimliyinə vurulan zərbə kimi qiymətləndirib. O bildirib ki, həmin əsərlər zəlzələdən, dağıntılardan və beş əsrlik tarixdən sağ çıxıb və onların itkisini yalnız pulla qiymətləndirmək mümkün deyil.

Təxminən 1430-cu ildə anadan olan Antonello da Messina İtaliya İntibahının ən mühüm rəssamlarından hesab olunur. O, Neapolda təhsil alıb, Provans və Flamand rəssamlıq məktəblərindən təsirlənib. Sənətşünaslar Antonellonun Flamand yağlı boya texnikalarının İtaliyada yayılmasında mühüm rol oynadığını bildirirlər.

Qeyd edək ki, 1908-ci il dekabrın 28-də Messinada 7,1 maqnitudalı zəlzələ baş verib. Cəmi 37 saniyə davam edən təbii fəlakət şəhərin böyük hissəsini dağıdıb və əhalinin təxminən yarısının ölümünə səbəb olub. Dağıntılar zamanı çoxsaylı tarixi sənədlər və incəsənət nümunələri, o cümlədən Antonellonun bəzi əsərləri məhv olub.

Messina prokurorluğu muzeydəki oğurluqla bağlı cinayət işi açıb. Polis müşahidə kameralarının görüntülərini araşdırır. Əsərlərin qanunsuz incəsənət bazarında satılmaq məqsədilə oğurlanması əsas versiyalardan biridir.

İtaliyanın ANSA agentliyinin məlumatına görə, istintaq əsərlərin konkret kolleksiyaçı və ya incəsənət alverçisinin sifarişi ilə oğurlanması ehtimalını da nəzərdən keçirir.