Rusiyanın azərbaycanlı müğənnisi Bahh Tee Azərbaycanda klip çəkdirib.
Əsl adı Baxtiyar Əliyev olan ifaçının “Doğrudanmı sən mənimsən?” mahnısına çəkilən klipin rejissoru Emin Muradov, operatoru Orxan Məmmədov, çəkiliş üzrə direktoru isə Pərviz Məmmədovdur. Əvvəlki kliplərini ABŞ, Rusiya, Estoniya və s. ölkələrdə çəkdirən müğənni bu dəfə Bakını seçməyinin səbəblərini Teleqraf.com-a açıqlayıb: “Mahnını Bakıda yazdım və qısa zamanda musiqi sosial şəbəkələrdə sevildi. Klipi konsert gününə hazırlaya bildik. Rejissor Emin Muradov olduqca istedadlı və peşəkardır. Mən 100 % əminəm ki, yaxın gələcəkdə Emin yalnız vətənimizdə yox, başqa ölkələrdə də bir professional rejissor kimi tanınacaq. Düşünürəm ki, bu bizim onunla sonuncu işimiz olmayacaq. Mən çoxdan Bakıda klip çəkdirmək istəyirdim. Əslən azərbaycanlı olsam da “youtube” səhifəmdə statistikaya görə cəmi 2,5% Azərbaycan ərazisində izləyicim var. Digər 97,5% isə Rusiya, Avropa ölkələri, Amerika və s. ölkələrin payına düşür. Burda klip çəkməklə əcnəbi izləyicilərimə Bakının gözəlliyini göstərmək istəyirdim. Düşünürəm klipdə əks olunan Bakının möhtəşəm panoramı, İçəri Şəhərin, Sahilin ecazkar gözəlliyi onları bu şəhəri gəlib gözləri ilə görməyə vadar edəcək. Məncə, bizim klip çox cəlbedici alınıb və bundan sonra da məmnuniyyətlə vətənimin bütün gözəlliklərini layiqincə təmsil etməyə davam edəcəm”.
Pərvin