BAKI, 27 avqust. TELEQRAF
Kuba alimləri onkoloji xəstəliklərlə mübarizə üçün yeni preparat namizədi hazırlayıblar.
Teleqraf xəbər verir ki, bu barədə Kubanın xarici işlər naziri Bruno Rodriqes Parrilya “X” sosial şəbəkəsində məlumat verib.
Onun sözlərinə görə, Kubanın Molekulyar İmmunologiya Mərkəzinin (CIM) alimləri “2C12” adlı preparat namizədi hazırlayıblar. Yeni preparat dünyada xərçəngin müalicəsində geniş istifadə olunan pembrolizumaba oxşar xüsusiyyətlərə malikdir.
Pembrolizumab immun sisteminin şiş hüceyrələrinə qarşı reaksiyasını gücləndirən preparatlardan biridir.
Rodriqes Parrilya bildirib ki, yeni preparatın hazırlanması Kubanın enerji böhranı və ABŞ tərəfindən tətbiq edilən məhdudiyyətlərin sərtləşdiyi bir dövrdə mümkün olub.
Nazirin sözlərinə görə, mövcud məhdudiyyətlər Kubaya dərman vasitələrinin, tibbi məhsulların və biofarmasevtika sənayesi üçün zəruri xammalın çatdırılmasını da çətinləşdirir.
“Bu preparatın yaradılması kubalı alimlərin dərman təminatı sahəsində suverenliyi təmin etmək səylərini nümayiş etdirir”, – deyə Kuba XİN rəhbəri bildirib.
O vurğulayıb ki, bu məsələ xüsusilə onkoloji xəstəliklərin müalicəsi baxımından əhəmiyyətlidir. Xərçəng Kubada əsas ölüm səbəblərindən biri olaraq qalır.