TBİLİSİ, 19 may. TELEQRAF

Bu ilin yanvar-aprel aylarında Azərbaycan ümumi dəyəri 39,6 milyon ABŞ dolları olan Gürcüstan məhsulları idxal edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Ötən ilin eyni dövrünə nisbətdə Azərbaycanın qonşu ölkədən yerli məhsul tədarükündə 14,9% artım qeydə alınıb.

Hesabat dövründə Azərbaycan Gürcüstanın yerli məhsul ixracında 4,4% payla qonşu ölkənin yerli ixrac tərəfdaşlarının ilk onluğunda Rusiya, Türkiyə, Çin, Bolqarıstan və Ermənistandan sonra VI yerdə qərarlaşıb.

Yanvar-apreldə Gürcüstandan 2,01 milyard ABŞ dolları dəyərində yerli məhsul ixraca yönəldilib ki, bu da illik müqayisədə 14,2% çoxdur.

Qonşu ölkənin ən çox ixrac etdiyi məhsulların siyahısında mis filizləri və konsentratları, təzə üzüm şərabı, spirtli içkilər, təbii, mineral və qazlı sular, ferroərintilər, mineral gübrələr, şəkər əlavəli sular, qızıl, qiymətli metal filizləri və konsentratları, qoz-fındıq yer alıb.