TBİLİSİ, 22 aprel. TELEQRAF

Bu ilin yanvar-mart aylarında Azərbaycan Gürcüstandan ümumi dəyəri 27,3 milyon ABŞ dolları olan yerli istehsal məhsulları tədarük edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycan qonşu ölkədən yerli məhsul idxalını 13,2% artırıb.

Azərbaycan Gürcüstanın yerli məhsul ixracında 4,3% payla qonşu ölkənin əsas yerli ixrac tərəfdaşlarının ilk onluğunda Rusiya, Türkiyə, Çin, Bolqarıstan və Ermənistandan sonra VI yeri tutub.

Birinci rübdə Gürcüstandan 1,4 milyard ABŞ dolları dəyərində yerli məhsul ixrac edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 5,7% çoxdur.

Qonşu ölkənin ixraca yönəltdiyi əsas məhsulların siyahısına mis filizləri və konsentratları, təzə üzüm şərabı, spirtli içkilər, təbii, mineral və qazlı sular, ferroərintilər, mineral gübrələr, qızıl, fındıq, qiymətli metal filizləri və konsentratları daxil olub.