BAKI, 7 oktyabr. TELEQRAF
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 2025-ci il üçün qlobal taxıl istehsalı proqnozunu bu ay 10,1 milyon ton (0,3%) artıraraq 2 milyard 971 milyon tona yüksəldib.
Teleqraf xəbər verir ki, artım əsasən buğda, qarğıdalı və düyü istehsalı üzrə proqnozların yenilənməsi ilə bağlıdır.
Bu göstərici illik müqayisədə 3,8% çoxdur və 2013-cü ildən bəri ən yüksək artım hesab olunur.
2025-ci ildə dünya üzrə buğda istehsalının 809,7 milyon ton olacağı gözlənilir ki, bu da ötən ayla müqayisədə 0,6%, 2024-cü illə müqayisədə isə 1,3% çoxdur. Artım əsasən Avstraliyada əlverişli hava şəraiti və yüksək məhsuldarlıqla əlaqələndirilir. Avropa İttifaqı və Rusiya üzrə proqnozlar da artırılıb.
Qarğıdalı da daxil olmaqla dənli bitkilərin istehsalı 1 milyard 605 milyon ton səviyyəsində gözlənilir – bu da ötən aydan 0,3%, 2024-cü ildən isə 91,7 milyon ton çoxdur. Əsas artım Braziliyada yüksək məhsuldarlıqla bağlıdır. FAO-nun proqnozuna görə, ABŞ-də qarğıdalı istehsalı rekord səviyyəyə – 427,1 milyon tona çatacaq və bu, dünya istehsalının üçdə birinə bərabər olacaq.
Düyü istehsalı üzrə proqnoz isə 2025-2026-cı il mövsümündə 556,4 milyon ton (düyü üyüdülmüş şəkildə) səviyyəsindədir. Bu, əvvəlki proqnozdan 1 milyon ton çoxdur və illik 1,2%-lik artım deməkdir. Pakistan üzrə proqnoz daşqınlara görə azaldılsa da, Hindistanda 1,6 milyon ton artım ümumi mənzərəni müsbət istiqamətə dəyişib.

FAO ekspertləri 2025-2026 mövsümü üzrə dünya taxıl istehlakı proqnozunu da 8,1 milyon ton artıraraq rekord səviyyə – 2 milyard 930 milyon tona çatdırıblar. Dənli bitkilərin ümumi istehlakının 1 milyard 575 milyon ton olacağı gözlənilir ki, bu da əvvəlki hesabatdan 7,2 milyon ton, ötən mövsümdən isə 33,8 milyon ton (2,2%) çoxdur. Artım əsasən qarğıdalı və arpanın yem, eləcə də sənaye məqsədilə istifadəsinin genişlənməsi ilə bağlıdır.
Buğdanın istehlakı da rekord səviyyəyə – 804,2 milyon tona çatacaq. Həm yem, həm də qida məqsədli istehlak artacaq. Düyü istehlakı 2025-2026 mövsümündə 550,8 milyon ton səviyyəsində proqnozlaşdırılır ki, bu da ötən mövsümdən 2% çoxdur.
2026-cı il mövsümünün sonunda dünya üzrə taxıl ehtiyatlarının 900,2 milyon ton təşkil edəcəyi gözlənilir. Bu, ötən ayla müqayisədə 1,6 milyon ton çoxdur. Artım əsasən buğda və düyü ehtiyatlarının çoxalması ilə bağlıdır. Kanada və Rusiyada bol məhsul nəticəsində buğda ehtiyatlarının 2,4 milyon ton artacağı, Braziliya və ABŞ-də isə qarğıdalı ehtiyatlarının yüksələcəyi proqnozlaşdırılır. Avropa İttifaqında isə istehsal azaldığı üçün ehtiyatların azalması gözlənilir.

Düyü ehtiyatları üzrə proqnoz 1,1 milyon ton artırılaraq 215,6 milyon tona çatdırılıb. FAO-nun məlumatına görə, həm ixracatçı, həm də idxalçı ölkələrdə artım nəticəsində dünya üzrə düyü ehtiyatları rekord səviyyəyə yüksələcək.
FAO-nun 2025-2026 mövsümü üzrə dünya taxıl ticarəti proqnozu bu ay 3,7 milyon ton artırılaraq 497,1 milyon ton səviyyəsində müəyyən edilib. Bu, 2024-2025 mövsümü ilə müqayisədə 2,5% və ya 12 milyon ton artım deməkdir.
Buğda ticarətinin (iyul–iyun dövrü üzrə) 2025-2026 mövsümündə 4,9% artaraq 202,1 milyon tona çatacağı gözlənilir. Bu, ötən ayın proqnozundan 1,2 milyon ton çoxdur. Avropa İttifaqında ixracın zəif başlamasına baxmayaraq, Avstraliyada bol məhsul və ABŞ-də rəqabətqabiliyyətli qiymətlər, eləcə də İraq və Türkiyədən davam edən güclü tələbat bu azalmaları kompensasiya edir.
Qlobal qarğıdalı ticarətinin isə 189,9 milyon ton səviyyəsində qalacağı, yəni ötən mövsümə yaxın olacağı gözlənilir. Bol ehtiyatlar və aşağı qiymətlər idxalçı ölkələrin, xüsusilə Avropa İttifaqı, Meksika və Türkiyənin tələbatını artırıb, lakin Çində alışlar hələ də zəif qalır.
Dünya düyü ticarətinin 2026-cı ildə (yanvar–dekabr dövrü üzrə) 60,1 milyon ton olacağı proqnozlaşdırılır ki, bu da 2025-ci il üçün yenilənmiş 61,2 milyon ton göstəricidən 1,8% azdır. Azalma əsasən tələbin zəifləməsi ilə izah olunur.