BAKI, 28 oktyabr. TELEQRAF

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan bütün dini abidələri, məscidləri, kilsələri və sinaqoqları bərpa edir. Bununla biz regionda uzunmüddətli sülhə töhfə veririk.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi” adlı paneldə deyib.

O bildirib ki, Azərbaycan dinlərarası harmoniyanı dövlət siyasətinin tərkib hissəsinə çevirib:

"Azərbaycan müxtəlif dinlərə və mədəniyyətlərə hörmət, qarşılıqlı anlaşma və multikultural dəyərlərin təşviqi istiqamətində beynəlxalq səviyyədə mühüm rol oynayır. Bakıda keçirilən çoxsaylı beynəlxalq konfrans və forumlar ölkəmizin bu prosesə fəal töhfə verdiyini göstərir.

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən Bakı Prosesi qlobal dialoq və əməkdaşlıq üçün beynəlxalq səviyyədə tanınan bir modelə çevrilib. Ölkəmiz Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarına, BMT-nin Sivilizasiyalar Alyansının tədbirlərinə və dünya dini liderlərinin sammitlərinə uğurla ev sahibliyi edib. Uzunmüddətli münaqişədən çıxmış Azərbaycan sülhün əsl dəyərini və mədəni-mənəvi irsin itirilməsinin doğurduğu ağrını yaxşı anlayır. Biz dini məkanların və ibadət yerlərinin dağıdılmasının xalqların müqəddəs kimliyinə və tarixi yaddaşına vurduğu zərəri bilirik.

Tarixi ədalətə və mədəni irsin qorunmasına sadiqliyimizin göstəricisi olaraq, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işləri çərçivəsində dini abidələrin qorunmasına xüsusi diqqət yetirilir. Azərbaycan həmin ərazilərdəki dini abidələri, dinindən və etiqadından asılı olmayaraq, bərpa edir.

Bu, dövlət səviyyəsində həyata keçirilən konkret tədbirlərlə qlobal sülhə töhfə vermək nümunəsidir. Məqsədimiz cəmiyyətdəki parçalanmaları aradan qaldırmaq, mədəni kimliyi bərpa etmək, regionda uzunmüddətli sabitliyi və qarşılıqlı etimadı gücləndirməkdir. İnanırıq ki, dövlət qurumları və dini liderlər ümumi insani dəyərlər ətrafında birləşdikdə, din insan ləyaqətini və bərabərliyini qoruyan, sülhə xidmət edən vasitəyə çevrilə bilər".

Komitə sədrinin sözlərinə görə, müasir siyasi teologiya və din araşdırmaları göstərir ki, uzunmüddətli sabitliyin təmin olunması üçün yalnız tolerantlıq kifayət etmir:

"Bu dəyərlər institusional mexanizmlərlə və ardıcıl dövlət siyasəti ilə dəstəklənməlidir. Əks halda, multikultural birgəyaşayış xarici geosiyasi təzyiqlər və kimliklərdən siyasi məqsədlərlə istifadə olunması nəticəsində həssas vəziyyətə düşə bilər. Azərbaycan multikulturalizmi və dini tolerantlığı strateji dövlət siyasətinin və institusional fəaliyyətin tərkib hissəsinə çevirib.

Davamlı sülhün qurulması yalnız dövlətin və ya dini institutların məsuliyyəti ola bilməz. Bunun üçün hökumətlərin, dini liderlərin, vətəndaş cəmiyyətinin və beynəlxalq təşkilatların birgə fəaliyyəti vacibdir. Qarşılıqlı hörmətin təşviqi, ortaq irsin qorunması, internetdə qütbləşməyə qarşı mübarizə və insan ləyaqətinin müdafiəsi bu əməkdaşlığın əsas istiqamətləri olmalıdır".