BAKI, 28 oktyabr. TELEQRAF

“Ukrayna Vladimir Putinin və rus xalqının mentalitetini ABŞ-dən daha yaxşı tanıyır”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Dövlət başçısının sözlərinə görə, Ukrayna müharibənin dayandırılması məsələsində ABŞ Prezidenti Donald Trampla eyni mövqedə olsa da, bu məqsədə çatmaq üçün fərqli vasitələrə üstünlük verirlər:

“Mənim yanaşmam ondan ibarətdir ki, Putin həm dünyagörüşünə, həm də düşüncə tərzinə görə dərindən sovet adamıdır. Biz bunu bilirik, çünki mənim nəslim Sovet İttifaqında doğulub. Putin yalan danışanda bunu hiss edirik. Uzun illər ruslarla qonşu olmuşuq. Məhz buna görə hesab edirəm ki, biz rusları ABŞ-dən daha yaxşı tanıyırıq”.

O qeyd edib ki, ABŞ qlobal təhlükəsizlik məsələlərini nəzərə alaraq Rusiya ilə müxtəlif mövzuları müzakirə edə bilər:

“Amma biz həm Putinin, həm də rus xalqının, onların hərbçilərinin və mülki şəxslərinin mentalitetini anlayırıq. Onların nə vaxt nə etməyə hazır olduqlarını, nə vaxt Putindən qorxduqlarını bilirik. Çünki onlar həbsxanaya düşə biləcəklərini anlayırlar. Ukraynalıları öldürməyə getməsələr, Putin onları öz üsulları ilə cəzalandıracaq. Buna görə də bəzi məsələlərdə Prezident Tramp bizi dəstəkləyib, digərlərində isə mövqelərimiz fərqlənib”.