BAKI, 28 oktyabr. TELEQRAF
Pakistanın dövlət başçısı, hökuməti və xalqı sülhün, harmoniyanın və qarşılıqlı anlaşmanın təşviqi üçün müxtəlif mədəniyyət və dinlərin nümayəndələri ilə birgə səylər göstərir.
Teleqraf xəbər verir ki, bu sözləri Pakistanın Federal Dini İşlər və Dinlərarası Harmoniya nazir Sərdar Məhəmməd Yusaf VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi” adlı paneldə deyib.
Onun sözlərinə görə, bu gün dünya dini dözümsüzlük, ayrı-seçkilik, nifrət ritorikası və silahlı münaqişələr də daxil olmaqla, çoxsaylı problemlərlə üz-üzədir:
"Belə bir şəraitdə dinlər və mədəniyyətlərarasında dialoq etimadın yaradılması, fikir ayrılıqlarının aradan qaldırılması və gələcək nəsillər üçün sülhün təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Pakistan Azərbaycan və beynəlxalq təşkikatlarla işləməyə hazırdır".
Nazir qeyd edib ki, fərqliliklər insanları bir-birindən uzaqlaşdırmamalı, əksinə, qarşılıqlı anlaşma və hörmət vasitəsilə onları yaxınlaşdırmalıdır.
Bəşəriyyətin ortaq mənşəyə malik olduğunu vurğulayan Yusaf dinc birgəyaşayışın təmin edilməsində qarşılıqlı hörmətin vacibliyini diqqətə çatdırıb.
O, həmçinin İslamın mərhəmət, insan ləyaqətinin qorunması, xeyirxahlıq və ədalət prinsiplərinə əsaslandığını bildirərək, bu dəyərlərin cəmiyyətlərdə təşviq edilməsinin əhəmiyyətini vurğulayıb.