BAKI, 28 oktyabr. TELEQRAF
“Müharibənin başa çatdırılması və ərazi məsələlərini yalnız Ukrayna və Rusiya liderləri müzakirə edə bilərlər”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Rusiya ərazi məsələsini müharibənin başa çatması, təhlükəsizlik zəmanətləri və bu zəmanətlərin mümkün formatları ilə əlaqələndirir. Çünki təhlükəsizlik zəmanətləri dövlətlərə və müvafiq tərəfin nəzarət etdiyi ərazilərə şamil olunur. Tərəfdaşlarımız ərazi məsələlərini dərindən müzakirə edə bilməzdilər, çünki bunun bizim üçün qırmızı xətt olduğunu bilirlər. Bu məsələləri yalnız müharibə aparan dövlətlərin liderləri və yalnız öz səviyyələrində müzakirə edə bilərlər. Başqa heç kimin buna səlahiyyəti yoxdur”, - o bildirib.
Zelenski qeyd edib ki, ABŞ vaxtilə Donbasda və Kinburn dilində demilitarizasiya zonalarının yaradılmasını təklif edib:
“Hələ “28 bəndlik plan”dan başlayaraq, ABŞ tərəfinin alternativ təkliflərindən biri demilitarizasiya zonalarının yaradılması idi. Sonradan bu məsələ müxtəlif sənədlərdə fərqli şəkildə müzakirə olunurdu. Zaporojye Atom Elektrik Stansiyasının taleyi necə olacaq? Bəs amerikalıların “ərazi mübadiləsi” formatında həll etməyi təklif etdikləri bəzi ərazilər necə olacaq?
Daha sonra Donbas məsələsi gündəmə gəldi. Təmas xəttinin hər iki tərəfində bufer zona və ya demilitarizasiya zonası yaradılması təklif olunurdu. Kompromis kimi bunu müzakirə etməyə hazır idik. Kinburn dili ilə bağlı da təklif vardı: onun bir hissəsinin demilitarizasiya zonasına çevrilməsi və Ukraynanın nəzarətində qalması”.
Dövlət başçısının sözlərinə görə, bütün bu ərazi məsələləri müxtəlif formatlarda sənədləşdirilə bilər və indiyədək də belə olub: “Dizel sazişi” ilə bağlı müzakirələr aparılan zaman komandalarımız bütün məsələləri müzakirə edirdilər. ABŞ tərəfi yenidən demilitarizasiya zonaları məsələsini gündəmə gətirdi. Mən bunu amerikalıların əlində olan bəzi sənədlərdə görmüşəm. Hələlik bu məsələdə irəliləyiş yoxdur”.
Ukrayna lideri vurğulayıb ki, Rusiya tərəfindən daim gündəmə gətirilən və danışıqların gündəliyinə daxil edilən ərazi məsələsini müzakirə etməyə hazırdır. Amma əlavə edib ki, bunun üçün ilkin söhbətlər və ya sənəd layihələrinin mübadiləsi deyil, müvafiq səviyyədə görüşlər keçirilməlidir.